“Milli Şura”da isteriya davam edirbackend

“Milli Şura”da isteriya davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın radikal müxalifətinin mənsubları, xüsusilə də bu dəstədə özlərini “lider” sayanlarla mükalimələrdə ehtiyatlı olun. Bu fərdlər nə dediklərinin fərqində deyillər və onların şüurlarındakı rəngli aləmdə baş verənlər absurd olsa da, maraqlıdır.

68 yaşlı Eldəniz Quliyev bir zamanlar yazıçı, ssenariçi, rejissordu. Daha sonra “Milli Şura”nın Koordinasiya Şurasının üzvü oldu, həmin marionet qurumun sədri Cəmil Həsənlinin “sağ əli” funksiyalarını yerinə yetirməyə başladı.

AXCP sədri və həm də bloqer Əli Kərimlinin qatı tərəfdarlarından, hətta fanatlarından biridir.

İlk baxışdan ahıl, dünyagörmüş adam təsiri bağışlayır, düşünüb danışan insan olduğunu düşünmək istəyirsən.

Heyhat, belə deyil.

“Respublikaçı Alternativ” Hərəkatının sədri İlqar Məmmədov və hüquq müdafiəçisi Rəsul Cəfərovla bağlı məhkəmə qərarı, xüsusilə də İ.Məmmədova 234 min manat məbləğində təzminatın ödənməsi ilə bağlı qərar E.Quliyevdə qeyri-adekvat reaksiya yaradıb.

Onun Facebook səhifəsində paylaşması qoca müxalifətçinin mənəvi aləminə, siyasi diskursuna və ən başlıcası, düşüncə tərzinə ayna tutur.

Onun yazdığını olduğu kimi təqdim edirəm: “İlqar Məmmədovu qınamayın!.. Ziqmund Freyd üzdəniraqlığı, daha dəqiqi, “ismayılcəlilovluq” meyillərini oğlan uşağının öz anasına aşırı bağlılığı ilə əlaqələndirir. Qoca Freyd bu anormallığa səfeh bir izah verir: oğlan uşağı təbii olaraq öz anasına ilk seksual mənbə kimi yanaşır, lakin eyni zamanda, şüuraltı şəkildə bu istəyinə heç zaman çata bilməyəcəyini də dərk edir; belə olan halda, nəhayət O, özü ana olmaq qərarı verir verir: “mən özüm ana olacağam və mənə yiyələnəcək, yəni məni seksual subyekt kimi qəbul edəcək ata axtaracam!..”

Təəssüf ki, bu, yaxud buna bənzər əzilib-büzülən xəstə “fenomen”lər siyasi arenamızda yetərincədir.

Heç kəsə sirr deyil ki, ReAl Hərakatı, daha sonra Real partiyasına çevrilən qurum həmişə ATA axtarışında olub, sadəcə, əvvəllər bunu açıb-ağartmadan etməyə çalışıblar.

Bu gün isə hər şey ortadadır və görünən kəndə də bələdçi-filan axtarmağa lüzum yoxdu. Siyasi fəaliyyəti özfəaliyyət səviyyəsinə salıb da “ismayılcəlilovluğu” seçənlərə təntənəli bir “TUŞ”!”

Bunca uzun iqtibasın səbəbi 68 yaşına rəğmən, “enfant terrible” davranışı və şürunu sərgiləyən “siyasətçi”idir.

Eldəniz Quliyevin mentalitet qoruyucusu, əxlaq jandarmı kimi görünmək istəyir, lakin anlamır ki, primitiv homofobiya sərgiləyir. Bu, onun öz işidir.

Ancaq “Milli Şuranın Koordinasiya Şurasının üzvü” kimi uzun-uzadı “görəv”i olan ahıl müxalifətçinin ABŞ-da yaşayan jurnalist İsmayıl Cəlilovla bahəm, ReAl hərəkatının lideri İlqar Məmmədovu təhqir etmək üçün Ziqmund Freydə istinad edərkən bisavadlıq etməsi tragikomikdir.

Eldəniz Quliyev qrafoman yazıçı, ortabab rejissor və elə o səviyyədə ssenariçi ola bilər. Əksi də məmkündür: bəlkə elə bir düha və istedad yiyəsidir ki, dünyada məşhurdur, amma bizlər cahilliyimizdən tanımırıq, uğurlarına bələd deyilik.

Onun Facebook-dakı “bəyanat”ı təəccüb doğurmur: “Milli Şura”nın funksionerlərinin tam əksəriyyətinin son açıqlamalarını, habelə AXCP sədri Əli Kərimlinin “törəmə təşkilat” kimi baxdığı bu qurumdakı “cəbhəçi” düşüncəlilərin sosial şəbəkələrdəki bifurksiya tipli yazılarını nəzərdən keçirsək, adi, hətta trivial məsələdir.

Birləşmiş Ştatlarda yaşayan İsmayıl Cəlilov sanki Əli Kərimlini virtual preparasiya edir, onu dərk etməyə çalışır.

Mümkün deyil. Mobil telefonunun və internetinin kəsildiyini, “hakimiyyətin onu tam blokadaya aldığını” deyən, amma gündə bir neçə dəfə müxtəlif “müstəqil bloqer”lərin YouTube kanallarında saatlarla danışan, Facebook səhifəsində “admin qrupu” adından statuslar yazan Əli Kərimli çox bəsit, diletant yalançıdır.

Siyasəti britaniyalı aktyor Roan Atkinsonun “Mister Bin” obrazının şüur tərzindəki yaşama çevirənlər nə qədər bəsit təsir bağışladıqlarının fərqində də deyillər, deyəsən.

İlqar Məmmədovla bağlı məhkəmə qərarı AXCP rəhbərliyində əməllicə isteriya yaradıb. Həmin “aksiya”ya isə “Milli Şura”nın funksionerləri də qatılıb və bu, çox üzücü olaydır.

Müxalifət liderləri olduqlarını deyənlərin belə açıqlamaları, bəsit düşüncə məhsulu olan bəyanatları ölkədəki radikalların islaholunmaz, qisasçı və ifrat aqressiv olduqlarını göstərir.

//Milli.Az