Ukayna prezidenti Volodimir Zelenski əmindir ki, rus işğalçılarının ukraynalılara qarşı mina terroru raket terrorundan daha sərt və qəddardır. O vurğulayıb ki, mina təhlükəsinə qarşı illərlə mübarizə aparılmalı olacaq, çünki söhbət 170 min kvadrat kilometrdən çox təhlükəli ərazidən gedir.
Editor.az xəbər verir ki, Zelenski ənənəvi müraciətində qeyd edib ki, bir gün əvvəl Xerson vilayətində mina partlayışı nəticəsində həlak olan polis əməkdaşlarına ölümündən sonra dövlət mükafatları verilməsi haqqında fərman imzalayıb.
“Onlar ukraynalıların təhlükəsizliyi üçün hər şeyi etdilər. Tapşırıqlardan birini yerinə yetirdikdən sonra artıq geri qayıdardılar. Polislər Xerson vilayətində işğalçıların anbarlarında qalmış xeyli silah və sursatları ələ keçirərkən minaya düşüblər”.
Zelenski vurğulayıb ki, bu Rusiya terrorunun bir növüdür: “Terrorçular bilərəkdən mümkün qədər çox ölümcül tələlər buraxmağa çalışırlar. Yeraltı minalar, keçid naqilləri, minalanmış binalar, avtomobillər və infrastruktur”.
Prezident əlavə edib ki, söhbət 170 min kvadrat kilometrdən çox təhlükəli ərazidən gedir.
“Əminəm ki, mina terroru Rusiyanın ittiham olunacağı əsas cinayətlərdən biri olacaq. Bu, raket terrorundan daha qəddar və alçaqdır. Çünki heç olmasa minaların bir hissəsini sıradan çıxarmaq üçün hər hansı sistem yoxdur. Necə ki, bunu bizim hava hücumundan müdafiə qüvvələrimiz edir”, – Zelenski deyib.
O, həmçinin minaların təmizlənməsində Ukraynaya kömək edən bütün tərəfdaşlara təşəkkürünü bildirib.
Qeyd edək ki, minaların təmizlənməsi prosesində Kanada, Yaponiya, Böyük Britaniya, Slovakiya Ukraynaya yaxından kömək edir.
//Samir Qurbanov, Editor.az

