Minnətsiz qələbəbackend

Minnətsiz qələbə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Ülvi Quliyev Oxu.Az-a müsahibə verib. Vacib hesab etdiyimiz bir neçə suala deputatın cavablarını təqdim edirik.

– Kəlbəcəri tərk etmələri üçün ermənilərə əlavə on gün vaxt verildi. Amma onlar bütün dünyanın gözü qarşısında orada əsl vandallıq edir, evləri yandırır, mövcud infrastrukturu dağıdırlar. Belələrinə əlavə vaxt  verilməli idimi?

– Doğru qərarın verildiyinə heç kimdə şübhə olmamalıdır. Əlavə on gün möhlət verilməsi ilə bağlı Ermənistan Rusiya rəhbərliyinə müraciət etmişdi ki, xahişləri Azərbaycan Prezidentinə çatdırılsın. Ermənistan xahişini humanitar məsələlərlə əsaslandırmışdı. Dövlətimizin başçısı mülki şəxslərə əlavə on gün möhlət verməklə, Azərbaycan xalqının hətta düşmən qarşısında yüksək mənəvi dəyərlərə sadiq qaldığını və mərdliyini dünyaya nümayiş etdirdi. Ermənilər isə, güzəştdən ən eybəcər formada istifadə etdilər. Haqlı olaraq qeyd etdiyiniz kimi, barbarlıq etdilər, evlərə od vurdular, flora və faunaya qəsd etdilər. Onların bu qeyri-insani əməllərini bütün dünya gördü. Həmin səhnələr hər birimizin qəlbini ağrıtsa da, ermənilər bu əməlləri ilə faktiki etiraf etdilər ki, torpaqlarımızın müvəqqəti sakini olduqları özlərinə əvvəldən məlum olub. Kəlbəcərdən birdəfəlik getdiklərini anlayırlar. Ona görə, 30 illik meyitlərini də torpaqlarımızdan çıxarıb özləri ilə aparırlar. Od vurduqları evlərin böyük əksəriyyəti onlara mənsub olmadığı üçün qisaslarını 28 il ərzində müvəqqəti yaşadıqları azərbaycanlıların evlərindən alırlar. Özləri-özlərini ifşa edir, əsl xislətlərini göstərirlər. Onların bu cür qeyri-insani əməllərini dünyaya daha çox göstərməliyik, tanıtmalıyıq. Göstərməliyik ki, bunlar məzlum deyillər, təqib olunan deyillər. Əksinə, qəddardırlar, humanist güzəştin mahiyyətini belə anlamırlar və  humanist yanaşmaya dəyər vermirlər. Şübhəsiz ki, Ermənistana qarşı bu əməllərə görə də təzminat davaları açılacaq. Məhkəmələrdə bu işlərə baxılarkən, ermənilər tərəfindən törədilən vandallıq aktlarına qiymət veriləcək. İnternet resurslarında və sosial şəbəkələrdə kütləvi şəkildə yayılan video-foto materiallardan sübut kimi istifadə olunacaq. Həmin sübutlar aidiyyatı qurumlarımız tərəfindən artıq toplanır.

– Razılaşmaya əsasən, Qarabağda Rusiyanın sülhməramlı hərbi kontingenti yerləşib. Monitorinq mərkəzində isə Türkiyə hərbçilərinin də iştirakı gözlənilir. Sizcə, bu format nə deməkdir və Azərbaycana nə vəd edir?

– Əvvəla, bu, o deməkdir ki, son 30 ildə əsirinə çevrildiyimiz formatı və status-kvo vəziyyətini dağıtmışıq. Bu illər ərzində Ermənistanın torpaqlarımızı təkbaşına işğal etmədiyi cəmiyyətimiz üçün sirr deyildi. Bu, həqiqətdir. O da həqiqətdir ki, təslimçilik aktına imza atmağa məcbur olmuş Ermənistan hətta indinin özündə də yalqız deyil. Lakin bu dəfə tək qalmaması Ermənistana de-yure müstəqilliyinin də itirilməsi hesabına başa gələ bilər. Belə bir ehtimal yüksəkdir və bunun reallaşmasına mane olmamalıyıq. Gəlin, unutmayaq ki, son 30 il ərzində Azərbaycanı ən çox narahat edən və cəmiyyətimizi ciddi düşündürən məsələ pərdəarxası oyunçu və oyunlarla, onların güddüyü gizli maraqlarla bağlı olub. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan dövləti ona nail oldu ki, pərdəarxası  siyasi oyunçular diplomatiya müstəvisinə çıxdılar, maraqlarını açıq şəkildə ortaya qoydular. Qardaş Türkiyə hərbçilərinin Monitorinq mərkəzində iştirakı maraqlar toqquşmasında balansın gözlənilməsinə xidmət edəcək. Şuşanı geri qaytara bilməyimiz yeni qırmızı xəttin müəyyən olunması, diplomatiyada qalib tərəf kimi iştirakımızın təminatı deməkdir. Naxçıvanla Azərbaycan ərazilərinin quru yolla birləşdirilməsi isə, mübaliğəsiz, misilsiz tarixi nailiyyətdir.

– Belə çıxır ki, münaqişədə son nöqtəni diplomatlar qoyacaq?

– Azərbaycan 44 gün davam edən Vətən müharibəsində qələbə qazanıb. Beynəlxalq təşkilatların və vasitəçilərin 30 ilə yaxın müddətdə edə bilmədiyini və ya etmədiyini, Ordumuz  44 gün ərzində edə bildi. Bütün müharibələrdə son sözü diplomatlar deyir. Lakin Ermənistan diplomatları artıq məğlub tərəfin, Azərbaycan diplomatları isə qalib tərəfin sözçüləridir. Ali Baş Komandan, Prezident İlham Əliyev Füzuli və Cəbrayıl şəhərlərinə səfəri çərçivəsində tarixi qələbəmizin doğurduğu reallığı belə ifadə etdi: “İkinci Qarabağ Müharibəsi bizim şanlı qələbəmizdir. Biz düşməni öz torpaqlarımızdan qovduq. Bu qələbə böyük tarixi əhəmiyyətə malikdir…Hazırda münaqişənin siyasi həlli mərhələsindəyik. Bu münaqişənin hərbi mərhələsi başa çatıb”.

İndi əsas olan odur ki, Azərbaycan regionda maraqların toqquşduğu məkandan maraqların uzlaşdığı məkana çevrilsin. Bu gün ermənilər məqsədli şəkildə hələ də Türkiyə və Rusiyanı qarşı-qarşıya qoymaq cəhdindən əl çəkmirlər. Türkofobiya, islamofobiya onların canına elə hopub ki, xəstəliklərini bütün dünyaya yaymağa çalışırlar. Əminəm ki, onların və havadarlarının bu cəhdləri, ən azından, regionumuzda baş tutmayacaq. Azərbaycan regional maraqların toqquşduğu deyil, maraqların uzlaşdığı məkana çevriləcək. Nəhayət, böyük güclər anlayacaq ki, Ermənistan etibarsız tərəfdaşdır və ona görə siyasi nüfuzundan xərcləməyə dəyməz.

Ölkəmizi qarşıda böyük quruculuq və abadlıq işləri gözləyir. Əhalimizin onda biri məcburi köçkün statusunda yaşamaq kimi mənəvi sıxıntıdan qurtulmaq üzrədir. Biz öz torpaqlarımıza qayıdırıq. Bu qayıdışı Azərbaycana heç kim hədiyyə etməyib. Haqqımızı, hüququmuzu və tarixi ədaləti döyüş meydanında, düşmən üzərində qələbəmizlə təmin etmişik. Tarixi torpaqlarımıza minnətsiz qayıda bilmək imkanını özümüz əldə etmişik. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı həmvətənlərimizə şəfa versin.

Bir daha təkrar edirəm ki, bu cür şərəfli tarixi yazmaq hər rəhbərə nəsib olmur. Bu şərəfli tariximizin altında Prezident İlham Əliyevin imzası, onun rəhbərlik etdiyi Azərbaycan xalqının birliyi və Ordumuzun rəşadəti dayanır.

Allah bundan sonra da Prezidentimizə, xalqımıza, ordumuza yar olsun, Azərbaycanı sevənləri və ona xidmət edənləri qorusun!

Milli Məclisin deputatı                                                                     

Ülvi Quliyev