MİQ imtahanındakı DƏYİŞİKLİKLƏR: “Yeniliklər işə qəbulun kifayət qədər əlçatan, obyektiv olmasına xidmət edəcək”backend

MİQ imtahanındakı DƏYİŞİKLİKLƏR: “Yeniliklər işə qəbulun kifayət qədər əlçatan, obyektiv olmasına xidmət edəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər” mövzusunda keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib ki, müsabiqənin keçirildiyi 10 il ərzində tətbiq edilən qaydalarda çox ciddi dəyişikliklər olub. Bu il də MİQ imtahanlarında yeniliklər tətbiq edilib.

Editor.az ın məlumatına görə, MİQ imtahanındakı yeniliklərə əsasən imtahanda vaxtın 120 dəqiqəyə qədər artırılması barədə qərar qəbul edilib. Test imtahanına 60 sual təqdim olunacaq, amma bunun cavablandırılmasına görə qiymət fərqli olacaq, 100 bal toplaya biləcəklər. 40 ixtisas sualı olacaq, hər düzgün cavab 2 bal veriləcək, 20 metodika sualı olacaq ki, bu zamanda düzgün cavablandırlmaya görə 1 bal tətbiq ediləcək. Səhv cavablandırılmış 4 testin cavabına görə 1 düzgün cavab silinəcək. Müəllimlərin işə qəbul müsabiqəsinin vakansiya seçimi mərhələsində ilk olaraq şəhid ailəsi üzvlərinə, daha sonra digər namizədlərə üstünlük veriləcək. Digər dəyişikliyə əsasən bu ildən ucqar kəndlərdə 3 ildən çox fasiləsiz işləyən müəllimlərin nəticələrində ballar 1.05, 5 ildən çox işləyənlərin nəticələri isə 1,1 əmsalına vurularaq hesablanacaq.

MİQ imtahanındakı dəyişiklikləri Editor.az-a şərh edən təhsil eksperti Kamran Əsədov bildirib ki,  2009-cu ildən etibarən müəllimlərin işə qəbulu mərkəzləşmiş qaydada həyata keçirilir:

” 2013-cu ildən isə proses daha da şəffaf və vakant yerlərin müəyyənləşməsi ilə yadda qalıb. Həqiqətən də müəllimlərin işə qəbul imtahanı 2013-cü ildən yeni mərhələyə qədəm qoydu. Təbii ki, prosesin mütəmadi olaraq təkmilləşməsinə ehtiyac var və artıq hər bir pedaqoji təhsilli şəxs bilir ki, orta ümumtəhsil məktəblərində işə qəbul olmaq şəffaf, mərkəzləşmiş qaydada həyata keçirilir. Çox təəssüf ki, buna qədər müəllimlərin işə qəbulunda şəffaflıq elə də təmin edilmirdi və bəzi hallarda kənar müdaxilələr olurdu”.

K. Əsədov hesab edir ki, MİQ imtahanlarında  ciddi şəkildə təkmilləşməyə ehtiyac var idi:

” Çünki son 3 ilə qədər keçirilən imtahanlarda suallar, testlərin məzmunu ciddi şəkildə problemlərə gətirib çıxarırdı. Bu il bir sıra dəyişikliklər edilib. Təbii ki, bu dəyişiklikləri müsbət xarakterizə edirəm. Yeniliklərdə bir neçə diqqət çəkən məqam var. Müəllimlərin yerdəyişməsi və müsahibə zamanı birinci mərhələdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid, əlil olanların ailə üzvləri və özlərinə güzəştlərin tətbiq edilməsi nəzərdə tutulub. Bu müsbət haldır. Məsələn Rusiyada ali təhsil müəssisələrinə qəbul imtahanlarında da bu var. Rusiyada ali təhsil müəssisələrinə qəbul imtahanlarında müharibədə ölənlərə, ailələrinə və yaralananlara birinci öncəlik verilir, güzəştlər tətbiq edilir. Bu Təhsil Nazirliyinin şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğının nəticəsidir. Onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müsbət addımdır. Qeyd edim ki, bu kateqoriyada  olan insanlar çox deyil və onlara güzəştlər tətbiq etməklə digərlərinə də motivasiya vermiş olacağıq.  Boş qalan yerlərə isə digər namizədlərə üstünlük veriləcək. Tətbiq edilən yeniliklərdə səhv cavabların düzə təsiri vacib idi. Çünki bir çox hallarda imtahan iştirakçıları sualların cavablarını bilmədikdə belə cavablayırlar. Bəzən cavab doğru çıxır və ədalətli olmur. Dəyişikliklərdə əsasən “bilik qiymətləndirilir” prinsipi tətbiq edilib. İmtahanlarda xüsusilə ixtisas suallarına üstünlük verilməsi  vakant yerlərdə ixtisasını bilən müəllimlərə yer verilməsinə gətirib çıxaracaq. Bu, çox yaxşı haldır və hesab edirəm ki, müəllimlərin işə qəbulu imtahanında edilən dəyişikliklər işə qəbulun kifayət qədər əlçatan, obyektiv, şəffaf olmasına xidmət edəcək”.

//Gülnarə Abasova, Editor.az