Miqrasiya qanunvericiliyinə dəyişikliklərdən kimlər yararlanacaq?backend

Miqrasiya qanunvericiliyinə dəyişikliklərdən kimlər yararlanacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan ərazisində müvəqqəti yaşama icazəsinin əldə edilməsi üçün əsas olan halların sırasına yeni biri əlavə edilib.

Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Bildirilib ki, nominal dəyəri azı 100 min manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması məqsədilə müraciət edə biləcəklər.

Qanuna edilən yeni dəyişikliklə, həmçinin Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsinə əsasən müvəqqəti yaşama icazələri əldə etmək üçün şərtlər yenidən müəyyənləşdirilib. Belə ki, dəyişikliklərdən əvvəl əcnəbi Azərbaycanda təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması məqsədilə müraciət edə bilərdisə, yeni qanun qüvvəyə mindikdən sonra Azərbaycanda təsis edilmiş və ödənilmiş nizamnamə kapitalı İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş miqdardan az olmayan xarici investisiyalı hüquqi şəxsin rəhbəri və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olan təsisçisi müvəqqəti yaşamaq icazəsinin alınması üçün müraciət edə bilər.

Miqrasiya Məcəlləsinin 45.1.7-ci maddəsinə əsasən (sahibkarlıq fəaliyyəti ilə məşğul olma) müvəqqəti yaşama icazəsinin əldə edilməsi üçün yeni güzəştlər müəyyən edilir. Dəyişiklikdən öncəki şərtlərə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbi müvəqqəti yaşama icazəsi əldə etmək üçün işçilərinin azı 80 faizini Azərbaycan vətəndaşı olmaqla azı 5 (və ya natamam iş şəraitində 10) nəfər ilə əmək müqaviləsi bağlamalı (işə götürməli) idi. Dəyişiklikdən sonra işçilərin azı 80 faizi Azərbaycan vətəndaşları ilə yanaşı, həm də daimi yaşama icazəsi olan, Azərbaycan vətəndaşı ilə nikahda olan, himayəsində 18 yaşına çatmamış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş Azərbaycan vətəndaşı olan, sığınacaq axtaran, insan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilər də ola bilər.

Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci və ya 45.1.7-ci maddələrinə əsasən azı bir il Azərbaycan ərazisində müvəqqəti yaşamış əcnəbinin həmin hallar üzrə yenidən müvəqqəti yaşama icazə əldə etməsi üçün xarici investisiyalı hüquqi şəxsin və ya sahibkarın dövriyyəsi İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş həcmdə olmalıdır. Qeyd olunan hallarda müraciət zamanı bəyannamə üzrə dövriyyəyə dair vergi orqanından əldə edilmiş sənəd tələb olunan digər sənədlərlə birgə təqdim edilməlidir.

Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci və 45.1.7-ci maddələri üzrə müəyyən edilmiş nizamnamə kapitalı, dövriyyə və işçi sayı ilə bağlı tələblər investisiya təşviqi sənədinə və ya “Startap” şəhadətnaməsinə malik olan, Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş iqtisadi rayonlarda (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları) fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, habelə qeyri-kommersiya hüquqi şəxslərinə, sənaye parkının sənaye məhəlləsinin və aqroparkın rezidentlərinə şamil olunmur.

Dəyişikliklərə əsasən Azərbaycan ərazisində daimi yaşama icazəsinin əldə edilməsi üçün bir sıra əsaslara da yenidən baxılıb. Daimi yaşama icazəsinə müraciət etməyə hüquq verən daşınmaz əmlakın və banklarda pul vəsaitinin dəyəri (məbləği) 200 min manat müəyyən edilir, müvəqqəti yaşama icazəsinə müraciət etməyə hüquq verən müvafiq əsaslar üzrə məbləğlər isə dəyişmədən qalır -100 min manat. Həmçinin nominal dəyəri azı 200 min manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olan əcnəbilər və ödənilmiş nizamnamə kapitalı İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş miqdardan az olmayan xarici investisiyalı hüquqi şəxsin rəhbəri və paylarının (səhmlərinin) azı 51 faizinə sahib təsisçisi (xarici investisiyalı hüquqi şəxsin dövriyyəsi İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş həcmdə olmalıdır) daimi yaşamaq icazəsinin əldə edilməsi üçün müraciət edə biləcəklər. Nizamnamə kapitalının miqdarı və dövriyyə həcminə dair tələblər qeyri-kommersiya hüquqi şəxslərinə şamil olunmur. Həmçinin daimi yaşama icazəsinə müraciət etməyə hüquq verən yaxın qohumların dairəsi yenidən müəyyən edilir (ata, ana, ər (arvad), övlad, bacı və ya qardaş). Müvəqqəti yaşama icazəsinə müraciət etməyə hüquq verən yaxın qohumların dairəsində isə heç bir dəyişiklik edilmir.

Daimi yaşama icazəsinin alınması zamanı əsasların dəyişdirilməsi (bir əsasdan digər əsasa keçid) və daimi yaşama icazəsinin alınmasına əsas olan hallar aradan qalxdıqda, icazənin ləğvi mexanizmi də əcnəbilərin maraqlarına uyğun olaraq təkmilləşdirilib. Dəyişikliklərdən öncə bir əsasla daimi yaşama icazəsi almaq üçün həmin əsas üzrə azı iki il fasiləsiz müvəqqəti yaşama icazəsi əsasında ölkədə yaşamaq tələb olunurdu. Dəyişikliklərlə əcnəbi müvafiq əsasla (yaxın qohumluq, investisiya və s.) iki il fasiləsiz ölkədə yaşadıqdan sonra digər bir müvafiq əsasla daimi yaşama icazəsinin alınması üçün müraciət edə biləcək. Nümunə üçün: əcnəbi daşınmaz əmlakı olması əsası ilə müvəqqəti yaşama icazəsi əsasında iki il fasiləsiz ölkədə yaşayır, ancaq daimi yaşama icazəsinə bacısı və ya qardaşının Azərbaycan vətəndaşı olması əsası ilə müraciət edir. Bu qaydadan istisna ancaq 3 əsas üzrə (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin rəhbər və ya rəhbər müavini vəzifəsini tutmaq, xarici investisiyalı hüquqi şəxsin rəhbəri və ya 51 faiz paya malik təsisçisi olma, sahibkarlıq fəaliyyəti ilə məşğul olma) nəzərdə tutulub. Bu əsaslar üzrə daimi yaşama icazəsi almaq üçün həmin əsaslarla 2 il fasiləsiz müvəqqəti yaşama tələbi qalır. Həmçinin dəyişikliklərdən öncə daimi yaşama icazəsinin alınmasına əsas verən hal aradan qalxdıqda (nümunə üçün, nikaha xitam verildikdə), bu icazənin ləğvi nəzərdə tutulurdu. Dəyişikliklərlə müvafiq əsas aradan qalxdıqda, digər bir əsasın olub-olmaması yoxlanılacaq, əgər digər əsas varsa, yaşama icazəsi ləğv olunmayacaq.

Qeyd edək ki, qanun qüvvəyə mindiyi günədək daimi yaşama icazəsi əldə edən şəxslər eyni şərtlərlə bu icazələrini uzada biləcəklər.

“Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarına dəyişikliklər uyğunlaşdırma xarakterlidir. Dəyişikliklər müddətli əmanət müqaviləsi əsasında banklara pul vəsaiti qoymaqla və ya dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına sahib olmaqla yaşama icazələri əldə edən əcnəbilərin pul vəsaitinin məbləği və ya investisiya qiymətli kağızlarının dəyəri yaşama icazəsinin əldə olunması üçün tələb olunan minimum məbləğdən aşağı düşdükdə, bu barədə banklar və Milli Depozit Mərkəzi tərəfindən miqrasiya orqanlarına məlumat verilməsini nəzərdə tutur.

Yeni dəyişikliklərlə bağlı ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 – Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına və ya ictimaiyyətlə əlaqələr idarəsinə – pr@migration.gov.az maili vasitəsilə müraciət etmək mümkündür.