Mirzoyandan etiraf: Sülh sazişi hansı ölkənin vasitəçiliyi ilə imzalanacaq?-AÇIQLAMAbackend

Mirzoyandan etiraf: Sülh sazişi hansı ölkənin vasitəçiliyi ilə imzalanacaq?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan-Ermənistan danışıqlarını yaxından izləyənlər yaxşı bilir ki, sülh sazişinin hələ də imzalanmamasının əsas günahkarı Ermənistandır. Keçən il artıq sülh sazişinin imzalanması üçün real addımlar atılmışdı. Rəsmi İrəvanın müqaviləni imzalayacağını Ermənistan baş naziri Nikol Paşinyan sentyabrın 14-də elan etmişdi. Lakin sonradan hər zaman olduğu kimi sözünün arxasında dayanmadı və müqavilə imzalanmadı”.

Bunu Editor.az-a siyasi şərhçi Abutalıb Səmədov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın avqustun 22-də İrəvanda belçikalı həmkarı Hadija Labib ilə birgə keçirdiyi mətbuat konfransında onların müzakirə platformaları arasında fərq qoymadıqları ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sülh sazişinin imzalanmamasına həmçinin Rusiya prezidenti Vladimir Putinin “Valday” formunda verdiyi təxribatçı bəyanat da səbəb oldu: “Onların təklif etdiyi sülh bəyanatı Ermənistanı qane etdiyindən dərhal həmin təklifdən yapışdılar və Soçidə həmin planın ən azı müəyyən hissəsinin qəbul olunmasına cəhd göstərildi. Lakin Azərbaycan prezidenti İlham Əliyev ortaya qəti mövqe qoyduqdan sonra Rusiya plandan imtina etdi. N.Paşinyan dəfələrlə xahiş etdi ki, Rusiya variantı yenidən gündəmə gəlsin. Lakin rəsmi Moskva buna razı olmadı. Bu gün Rusiyanın mövqeyi ABŞ və Aİ-nin mövqeyindən əsaslı şəkildə fərqlənmir. Ona görə Ararat Mirzoyan platformalar arasında fərq olmadığını bəyan edir”.

Siyasi şərhçi Azərbaycan üçün sülh sazişinin imzalanmasında vasitəçi rolunu oynayan ölkənin ciddi əhəmiyyət kəsb etdiyinə diqqət çəkib:

“Sülh sazişinin ABŞ-ın vasitəçiliyi ilə imzalanması rəsmi Bakının mövqeyinə uyğundur. Azərbaycan istəyir ki, 2025-ci ilin noyabrında rus sülhməramlıları Qarabağı tərk etsin və bir daha heç bir missiya ərazilərimizə yeridilməsin. Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onlarla münasibətləri qurmaq, hüquq və təhlükəsizliyini təmin etmək rəsmi Bakının daxili işidir. Bu işə hər hansı beynəlxalq mexanizmin qoşulması yolverilməzdir. Sülh sazişinin ləngiməsinə əsas səbəblərdən biri də Ermənistanın prosesə beynəlxalq mexanizmləri qoşmaq cəhdidir. Brüsseldə əldə olunmuş razılığa görə, sülh sazişinə Qarabağın erməni icmasının hüquq və təhlükəsizliyi ilə bağlı heç bir müddəa daxil edilə bilməz.  Lakin rəsmi İrəvan burada da sözünün üstündə durmur və təkid edir ki, mütləq beynəlxalq mexanizmlər prosesə cəlb edilsin. ABŞ və Aİ-də təəssüf ki, xahiş formasında olsa da eyni yanaşmadan çıxış edir.Arzulayırlar ki, rus sülhməramlıları bölgədən çıxdıqdan sonra Qərbin təyin etdiyi hər hansı missiya Azərbaycan ərazisinə gətirilsin. Rəsmi Bakı isə bunun qəti əleyhinədir. Sülh sazişi demək olar ki, hazırdır. Onun imzalanması üçün Qərbin və ABŞ-ın birmənalı mövqe tutmasına ehtiyac var. Çox təəssüf ki, Amerika bu qətiyyəti nümayiş etdirə bilmir”.

//Safura Bənnayeva, Editor.az