Həbsxanadan xəstəxanaya köçürülən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili “həyatla ölüm aarasında” olduğunu bildirib.
Siyasətçinin sözlərinə görə, ilkin çəkisi 120 kq idisə, hazırda 64 kq-dır. “Çəkim 60-dan aşağı düşərsə, həkimlər çoxlu orqan çatışmazlığının olacağını proqnozlaşdırırlar”, – Saakaşvili deyib. Müxalifətçi daha sonra qeyd edib ki, hazırda onun sümükləri çökür və bu da ona “əzabverici ağrılar” gətirir.
Saakaşvilinin müdafiəçisi Şalva Xaçapuridze də bildirib ki, Saakaşvilinin vəziyyəti hər gün pisləşir. Xatırladaq ki, fevralın əvvəlində Gürcüstan müxalifəti ölkənin üç böyük şəhərində – Batumi, Kutaisi və Tbilisidə Saakaşviliyə dəstək üçün genişmiqyaslı etiraz aksiyası keçirib. Etirazçılar müxalifətçinin azadlığa buraxılmasını tələb edən plakatlarla bu şəhərlərin mərkəzinə toplaşıblar.
//Samir Qurbanov, Editor.az

