Moldovada ASAP nümayəndəliyi qurulurbackend

Moldovada ASAP nümayəndəliyi qurulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən dörd gün ərzində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) olaraq Moldova Milli Şurasının təşkilatçılığı ilə Kişineu şəhərində Şərq Tərəfdaşlığı ölkələrinin Milli şuralarının (Azərbaycan, Belarus, Moldova, Gürcüstan, Ukrayna) koordinasiya görüşündə iştirak etdik. Bu görüşdə iştirak edərək biz xarici donorların cəlb edilməsi, faydalı və davamlı əməkdaşlıq nəticəsində birgə layihələrin həyata keçirilməsinə daha da çox diqqət yetirəcək, təmsilçilik və mübadilə proqramları sahəsində fəal iştirakı təmin edəcəyik.

Bu barədə Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) icraçı direktoru Rafael Hacıbəyli AZƏRTAC-a deyib.

Rafael Hacıbəyli bildirib ki, səfər çərçivəsində, eyni zamanda, ASAP olaraq Moldovada yaşayan azərbaycanlı gənclərlə görüşmək imkanımız oldu. Müasir dövrdə və Azərbaycanın mövcud şəraitində xaricdə Azərbaycan icmalarının, xüsusilə də azərbaycanlı tələbə və məzunların təmsilçilik istiqamətində rolunun vacib olduğu kimi, eyni zamanda, təhsilini başa vurmuş məzunların ölkəmizə ixtisaslaşmış insan resursları kimi qayıdaraq hər sahədə töhfə verməsi olduqca önəmlidir. Azərbaycan Respublikasının Moldovadakı səfirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Moldova Azərbaycanlıları Konqresinin (MAK) və ASAP-ın təşkilatçılığı ilə Kişinyovda bir qrup azərbaycanlı gənclərlə görüşərək gənclərimizlə təhsil zamanı yaranan çətinliklər, yerli təşkilatlara inteqrasiya, yaşam və Moldovada ASAP nümayəndəliyinin qurulması məsələləri ilə bağlı müzakirələr apardıq.

Görüş zamanı Azərbaycan-Moldova əlaqələrinin bütün sahələrdə olduğu kimi, gənclər sahəsində də uğurla inkişafı, iki ölkə arasında dostluq əlaqələrinin gələcək perspektivləri haqqında çıxışlar səsləndirilərək Azərbaycanın Moldovadakı səfirliyinin dəstəyindən danışılıb. Bu səfərlərdə əsas məqsəd xarici ölkələrdə təhsil alan tələbə və məzunları bir araya gətirərək şəbəkələşməsini və müxtəlif ölkələrdə azərbaycanlı tələbə və məzun icmalarının qurulması üçün bünövrə yaratmaqdır.