Moldovada Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd olundu – FOTObackend

Moldovada Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd olundu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Moldovadakı səfirliyində Moldovadakı Azərbaycanlılar Konqresi (MAK) ilə birgə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir təşkil edilib.

Bu barədə Editor.az-a səfirlikdən məlumat verilib.

Qeyd olunub ki, səfirliyin həyətində baş tutan tədbirdə yerli ictimai-siyasi xadimlər, elm və iş adamları, eləcə də 400 nəfərə yaxın Moldovada yaşayan və təhsil alan soydaşlarımız ailə üzvləri ilə birlikdə iştirak edib. Tədbir çərçivəsində ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş fotolardan ibarət sərgi təşkil edilib, sözügedən sərgi qonaqlar tərəfindən böyük maraqla izlənilib.

Tədbirdə səfir Q.Osmanov qonaqları salamlayaraq Səfirliyi azərbaycanlıların “ata evi” adlandırmış, müstəqil Azərbaycanın müəllifi olan Heydər Əliyevin keçdiyi həyat yolu, siyasi fəaliyyəti, azərbaycançılıq fəlsəfəsi və ideologiyasından danışıb, ölkəmizin inkişafında göstərdiyi xidmətlərinə görə bənzərsiz dövlət xadimi və siyasətçi kimi tarixə düşdüyünü vurğulayıb, ulu öndərin davamçısı hazırkı prezident İlham Əliyevin keçən il Heydər Əliyevin ən əziz arzusunu gerçəkləşdirdiyini, Azərbaycan torpaqlarını geri qaytararaq Azərbaycan bayrağını Şuşa, Qarabağ üzərində dalğalandırdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə, həmçinin MAK-ın sədri Elçin Bayramov, azərbaycanlı diaspor fəalı Maarif Rəhimov və digər qonaqlar çıxış edərək hər il 10 may tarixinin yalnız Azərbaycanda deyil, eləcə də Moldovada və bütün dünyada azərbaycanlılar tərəfindən qeyd olunduğunu bildirib, böyük siyasi xadimin xatirəsinin azərbaycanlıların ürəyində əbədi qalacağını qeyd edib və dahi şəxsiyyətin xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması üçün əvəzsiz xidmətlərindən söhbət açıblar.

Tədbir Moldovada yaşayan azərbaycanlı uşaqların ümummilli lider Heydər Əliyevə həsr edilmiş və vətənpərvərlik mövzusunda şeirlər söyləməsi, milli rəqslər, milli musiqilər, eləcə də Müslüm Maqomayevin mahnılarının ifa edilməsi ilə davam etdirilib, daha sonra qonaqlara milli mətbəximizin təamları təqdim olunub. Yeni inşa edilmiş Səfirliyin həyətinə həmvətənlərimiz və qonaqlar tərəfindən ağac və qızılgüllər əkilməsi ilə tədbir yekunlaşıb. Yerli kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirilən tədbir Moldova mediasında geniş işıqlandırılıb.