Moldova Xarici İşlər Nazirliyinin rəhbəri, baş nazirin müavini Nikolay Popesku tutduğu vəzifədən getdiyini açıqlayıb.
Editor.az bildirir ki, bu barədə Popesku mətbuat konfransında jurnalistlərə açıqlamasında bildirib. Xatırladaq ki, o, 2021-ci il avqustun 6-dan respublikanın Xarici İşlər Nazirliyinə rəhbərlik edir. Popesku vəd edib ki, istefasından sonra “Avropaya inteqrasiya prosesində” hazırkı hökuməti dəstəkləməyə davam edəcək.
Parlament sədrinin müavini Mixay Popsoi Moldova Xarici İşlər Nazirliyinin yeni rəhbəri təyin olunacaq. “Sizə məlumat verirəm ki, ölkə prezidenti Maya Sandu tərəfindən qarşıya qoyulan xarici siyasət məqsədlərini uğurla yerinə yetirdikdən sonra baş nazirin müavini və xarici işlər naziri vəzifəsindən istefa verirəm və indiki mərhələdə mənə fasilə lazımdır”, – Nikolae Popesku deyib.
//Samir Qurbanov, Editor.az

