“Molla ona deyib ki, atan cənnətə düşəcək” – Şok açıqlamabackend

“Molla ona deyib ki, atan cənnətə düşəcək” – Şok açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adətən, dünyasını dəyişən insanlar haqqında onun əməllərinə əsasən dərhal nəticə çıxarırlar: “Filankəs cənnətlikdir”, yaxud “cəhənnəmlikdir”. Ölən kəslərin ruhları, İslam dininə görə, Bərzək aləminə köçür və Qiyamət Gününün haqq-hesabını gözləyir. Lakin hansısa mərhumun öldükdən sonra dərhal cənnət və ya cəhənnəmə vasil olması mümüknüdürmü?

“Sevgili Peyğəmbərimizdən bizə çatan hədislərin işığına boylandıqda görürük ki, axirətə köç edən insan haqqında ən pis adam olsa belə, danışmamaq, ən azı isə susmaq tövsiyə olunur”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında şərqşünas Seyid Camal Əzimbəyli söyləyib.

O, vəfat edən şəxsin cənnət və cəhənnəmə düşəcəyi ilə bağlı dəfn mərasimlərində səslənən sözlərin həqiqət və ya xüafat olmasını şərh edib.

Şərqşünasın fikrincə, İslamın bütövlükdə gətirdiyi qaydalara, o cümlədən dinin təməl prinsiplərinə, ən əsası isə Qurani-Kərimə nəzər saldıqda hər kəs öz günahının daşıyıcısıdır.

Əzimbəylinin sözlərinə görə, kimin cənnət və cəhənnəmə layiq olmasını isə insanın axirətə köçmədən bu dünyadakı həyatı, eləcə də əməlləri ilə təsdiq etmək olar:

“Cəmiyyətdə, hətta çalışdığımız yerlərdə elə insan ola bilər ki, onun haqqında “bu adam cənnətlikdir” ifadəsi söylənilir. Yəni insanın davranışları, həyatı və əməlləri dürüstlüyə, ədalət prinsiplərinə dayanırsa, bu adamın cənnəti qazanması sanki İlahinin bizə bir ehsanıdır. Lakin kimsə iddia edə bilməz ki, filankəsin yeri cənnət və cəhənnəmlikdir”.

Müsahibimiz söyləyib ki, bu, rəmzi bir ifadədir:

“Aparıcısı olduğum proqrama yığıb bu barədə suallar da verirlər. Adam var ki, deyir, mənim atam Cümə günü rəhmətə gedib. Məclisə gələn molla da bildirib ki, o, Cümə günü rəhmətə getdiyinə görə cənnətə düşəcək. Bu, dini bilgisizlikdən qaynaqlanır. Kimin cənnətə, kiminsə cəhənnəmə düşəcəyini bilən yalnız və yalnız Rəhman və Rəhim olan Allahdır”.

Həmsöhbətimiz aydınlaşdırıb ki, bir qrup insanlar da var ki, onlar Allah tərəfindən müjdələnib:

“Hətta Qurani-Kərimdə Allah-Təala deyir ki, şəhidlərə “ölü” deməyin, çünki onlar cənnəti qazananlardır. Hədislərə də nəzər saldıqda, şəhidlərin qul haqqından başqa bütün günahları bağışlanılır. Amma günümüzdə qul haqqına yeyən və onun halallığını almadan bu dünyadan köçənlərin Məhşər Günü şübhəlidir”.