Molla rejiminin qanlı əli – SEPAH-la bağlı şok faktlarbackend

Molla rejiminin qanlı əli – SEPAH-la bağlı şok faktlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbin İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) münasibəti sərtləşir.

Bu barədə İsrailin “Yerusəlim Post” qəzeti yazır.

Qərbin İran rejiminə münasibətinin sərtləşməsinin davamı olaraq, bir sıra ölkələr son həftələrdə SEPAH-ın tamamilə qadağan edilməsi haqda düşünməyə başlayıblar.

125 000 şəxsi heyəti olan SEPAH molla rejiminin pretoriya qvardiyasıdır. SEPAH Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi (ETTELAAT) ilə yanaşı, həm daxili repressiya, həm də xarici təxribat üçün rejimin əsas alətidir.

İslam rejiminin ilk illərində bir sıra qorxunc qırğınlara imza atan korpus 1980-ci illərdən bu günə kimi Avropa və digər ölkələrdə sui-qəsdlər və terror aktları həyata keçirib.

İranın keçmiş baş naziri Şapur Bəxtiyarı 1980-ci ildə Paris yaxınlığında öldürməyə cəhdi SEPAH-ın xarici ölkədə həyata keçirdiyi ilk səs-küylü əməliyyatlardan biri idi. Nəhayət, SEPAH 1991-ci ilin avqustunda Fransanın Suresnes şəhərində Bəxtiyarı öldürməyə müvəffəq olub.

1992-ci ilin sentyabrında Berlindəki “Mykonos” restoranında dörd tanınmış iranlı kürd siyasi xadimin öldürülməsi Avropada və onun hüdudlarından kənarda törədilən bir çox səs-küylü qətllərdən biriydi.

Dünyada terror təşkilatı kimi qəbul edilməyə başlanılan İnqilab Keşikçiləri Korpusunun bu qanlı aktları və bu yöndəki səyləri bu gün də davam edir. Məsələn, 2022-ci ilin avqustunda ABŞ Ədliyyə Departamenti bir SEPAH üzvünün prezidentin keçmiş müşaviri Con Boltonu öldürməyi planlaşdırdığını açıqlamışdı.

İsrail nəşri SEPAH-ın Yaxın Şərq ölkələrindəki qanlı fəaliyyətlərinə də diqqət çəkib, bu qvardiyanın molla rejiminin bu bölgədəki əsas silahı olduğunu bildirib.

SEPAH ayrı-ayrı ölkələrdən gənclərin terrorçu kimi molla rejiminin xidmətinə cəlb edilməsində də müstəsna rola malikdir.

SEPAH-ın qeyri-legitim müharibələrini siyasi gücə çevirmək metodologiyası və praktikasının prototipi Livan “Hizbullah”ıdır. Yaranmasından 40 il sonra “Hizbullah” bu gün Tehranın adından Livana satraplıq kimi nəzarət edir.

SEPAH-ın yaratdığı buna bənzər qruplaşmalar Suriya, İraq, Yəmən və Fələstində də özlərini göstərirlər. İran bu gün açıq şəkildə terrorçulara aktiv təlim verən və onları silahlarla təmin edən yeganə dövlətdir.

ABŞ 2019-cu ildə SEPAH-ı terror təşkilatları siyahısına daxil edib. İnqilab Keşikçiləri Korpusu və ya ona bağlı qruplaşmalar nüvə silahlarının yayılması, insan haqlarının pozulması, terror və təxribat fəaliyyətlərinə görə çoxdan ABŞ və digər dövlətlərin “qara siyahı”sındadır.

Son aylarda Böyük Britaniya da SEPAH-ı bütövlükdə qadağan etmək istiqamətində ciddi irəliləyiş əldə edib. Britaniyanın hazırkı təhlükəsizlik naziri Tom Tugendhat uzun müddətdir ki, SEPAH-ın qadağan olunmasını müdafiə edən bir sıra yüksək vəzifəli britaniyalı siyasətçilərdən biridir. O, hələ 2020-ci ilin aprelində Britaniya İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinə SEPAH-ı qadağan etmək çağırışına dəstək olaraq sübutlar təqdim edib.

SEPAH-la bağlı son bir neçə hadisəyə görə Britaniyada bu məsələ yenidən gündəmə gəlib. Keçmiş müdafiə nazirinin müavini, həm İran, həm də Britaniya vətəndaşı olan Əlirza Əkbərinin MI6-ya casusluqda ittiham olunaraq edam edilməsi Londonda qəzəblə qarşılanıb.

Noyabrda Britaniyanın daxili təhlükəsizlik xidməti MI5-in baş direktoru Ken Makkallum İran rejiminin ölkədə müxtəlif şəxslərə qarşı ən azı 10 dəfə sui-qəsdə cəhd etdiyini açıqlayıb.

İcmalar Palatası yanvarın 12-də hökuməti SEPAH-ı qadağan etməyə çağıran təklifin lehinə səs verib. İndi hökumətin bununla bağlı hərəkətə keçib-keçməyəcəyini görmək qalır. Yanvarın 3-də BBC hökumət mənbələrinə istinadən SEPAH-ın qadağan edilməsinin qaçılmaz olduğunu bildirib.

Avropa Birliyində də SEPAH-ın terrorçu mahiyyəti və onun təmsil etdiyi təhlükə barədə məlumatlılıq artır.

Bazar ertəsi Avropa Birliyinin xarici işlər nazirləri İranda etirazçılara qarşı amansız repressiyaya görə 18 İran vətəndaşı və 19 quruma, o cümlədən SEPAH-la əlaqəli şəxslərə və bölmələrə qarşı yeni sanksiyaların tətbiqinə səs verib. Avropa Parlamenti və bəzi hökumətlər AB-nin SEPAH-ı tamamilə qadağan etməsinin tərəfdarı olduqlarını açıq şəkildə bildirsələr də, ittifaqın xarici siyasət rəhbəri Josef Borrell belə bir qadağanın yalnız AB-yə üzv ölkələrin məhkəmələrinin SEPAH-ı terrorizmdə günahkar hesab edəcəyi halda gələ biləcəyini söyləyib.

Kanadada da, SEPAH-ın bütünlüklə qadağan edilməsinə çağırışlar var. Ötən ilin oktyabrında Kanada Baş naziri Castin Trüdo SEPAH-a qarşı sanksiyaları genişləndirmək barədə qərar verib. Yanvarın 9-da isə iki İran fiziki və üç İran qurumuna qarşı əlavə sanksiyalar elan edilib.

Qərb dünya nizamına meydan oxumağa çalışan SEPAH-a qarşı biganə qalmaq fikrində deyil. İranın Yaxın Şərqdəki təhlükəli fəaliyyəti ilə yanaşı, rejimin Rusiyanın Ukraynadakı müharibəsinə fəal dəstəyi də burada mühüm rol oynayır. İranın “Şahid” tipli dronları Rusiyanın Ukraynada mülki şəxslərə və infrastruktura hücumlarda ciddi rola malikdir.

Ukrayna müharibəsi Qərbdə ABŞ-ın dominant olduğu qlobal nizama əsas təhlükə kimi qəbul edilir. Müharibə nəticəsində yaranan Tehran-Moskva ittifaqı İranı Qərbi Avropa ölkələrinə birbaşa və dərindən təsir edən müharibədə tərəfə çevirir.

Tehranın artan daxili narazılığa qarşı repressiyaları və xüsusən də qadınların hüquqlarına qarşı təzyiqləri İran rejimi haqqında Qərbin fikirlərini sərtləşdirən ikinci əsas amildir. SEPAH-ın etirazlara qarşı vəhşi müdaxilələrdə oynadığı əsas rol onun qadağan edilməsi tələblərini daha da sərtləşdirir. “İslam İnqilabı Keşikçiləri Korpusu”nun Qərbdə davam edən sui-qəsd planlarına dair sübutlar bunu təsdiqləyir. Qərbin SEPAH-a biganəlik dövrü arxada qaldı.

Teleqraf.com