Bu günlərdə Moskvada Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyevin və Vladimir Putinin imzaladıqları 40-dan çox bənddən ibarət “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfəiklik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamədə iki ölkə arasındakı münasibətlərin perspektivləri yeni reallıqlar baxımından tənzimlənir.
Bu fikirləri hafta.az-a hüquqşünas Samirə Qasımova deyib:
“Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən Moskvada imzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamənin bütün müddəaları Azərbaycanın milli maraqlarına tam uyğundur. Hətta bu sənədi Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə növbəti dəstək kimi də qiymətləndirmək olar.
Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə bu ölkəyə rəsmi səfəri çərçivəsində aparılan mühüm danışıqlarla yanaşı, Müttəfiqlik Bəyannaməsinin imzalanması iki ölkə arasında münasibətlərin hansı səviyyədə olduğunu göstərməklə, bu səfərin, keçirilən görüşlər və aparılan danışıqların əməkdaşlığın yeni mərhələyə qədəm qoymasından, xüsusən də iqtisadi münasibətlərdə yeni yüksəlişin başlamasından xəbər verir.Heç şübhəsiz, bu mərhələ hər iki dövlət üçün qarşılıqlı faydalıdır, milli maraqlara uyğun gəlir, iqtisadiyyatın gələcək inkişafına da təkan verəcək.Ölkə başçısının da qeyd etdiyi kimi, “Qarşılıqlı müttəfiqlik haqqında bəyannamənin imzalanması son illərdə bizim necə fəal işlədiyimizi və qarşılıqlı əməkdaşlığın potensialını artırmağımızı çox yaxşı illüstrasiya edir. Bu, sadəcə sözlər, sadəcə niyyətlər deyil, həm də konkret işlər olub. Bəyannamə yetərincə genişdir. Onun 40-dan çox bəndi var. Bizim qarşılıqlı fəaliyyətimizin ən mühüm sahələrini əhatə edir və artıq dediyim kimi, bizim ikitərəfli münasibətlərin gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edəcək”.
Bütün bunlar özü əyani şəkildə Azərbaycan-Rusiya münasibətlərinin qarşısıalınmaz və geridönməz xarakter aldığını bir daha təsdiqləyir və sübut edir ki, bu münasibətlər inkişafın ən yüksək, ən sürətli xətti üzrə irəliləməkdədir”.

