Rusiya–Qərb münasibətlərinin yenidən kəskinləşdiyi, ABŞ-da isə siyasi keçid mərhələsinin davam etdiyi bir vaxtda Donald Trampın yaxın çevrəsinin Moskva ilə təmasları beynəlxalq gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. ABŞ nümayəndələrinin Kreml rəhbərliyi ilə görüşündən sonra Ukrayna məsələsi ətrafında mümkün diplomatik dinamikanın dəyişəcəyi barədə ehtimallar səslənsə də, proseslərin sonrakı inkişafı gözləntilərin doğrulmadığını göstərir.
Politoloq Oqtay Qasımov mövcud situasiyanı Editor.az-a şərh edərək Vaşinqton–Moskva xəttindəki gedişatın hələ də qeyri-müəyyənliklə müşayiət olunduğunu vurğulayıb:

“Trampın nümayəndələri – Sviten Uitkoff və Cared Kuşnerin Moskvada Vladimir Putinlə görüşündən sonra guya Volodimir Zelenski ilə də görüşəcəkləri barədə Qərbin nüfuzlu nəşrlərindən biri iddialar səsləndirmişdi. Lakin dünən baş tutan Moskva görüşündən sonra məlum oldu ki, Zelenski ilə iddia olunan görüş həyata keçirilməyəcək və Ukrayna lideri İrlandiyadan birbaşa Kiyevə qayıdır. ABŞ nümayəndələri də Moskvadan birbaşa Vaşinqtona dönməyə qərar veriblər. Hesab edirəm ki, buna səbəb bir neçə gün öncə Floridada keçirilən görüş zamanı tərəflər arasında müəyyən anlaşmalar əldə olunmasıdır. Bu məsələlər Rusiya tərəfi ilə də müzakirə olunmalı idi. Uşakovun dünən verdiyi açıqlamalardan görünür ki, görüş ümumilikdə müsbət məcrada keçsə də, hələ müzakirə olunmalı çox ciddi məqamlar mövcuddur. “Putin və Trampın görüşünə ehtiyac duyulmur” fikri də hazırda tərəflər arasında tam uzlaşma olmadığını göstərir”.
O. Qasımovun sözlərinə görə, Moskvadakı görüşün gözlənilən nəticəni verməməsi Ukrayna Prezidenti ilə bu məsələlər ətrafında müzakirələrin müvəqqəti təxirə salınmasına gətirib çıxarıb:
“Proseslə bağlı yaxın perspektivdə hansısa ciddi siyasi dəyişiklik gözlənilmir. ABŞ-ın mövqeyi kifayət qədər aydındır: Vaşinqton hər vəchlə döyüşlərin dayandırılmasına çalışır. Lakin mövcud formatda savaşın dayandırılması daha çox Ukraynanın maraqlarına ziddir. Məhz Kiyevin inadlı mövqeyi nəticəsində Tramp tərəfinin təklif etdiyi 28 bəndlik sənəd 19 bəndə endirilib. Əsas düyün nöqtələri isə eynidir. Rusiyanın hələ də Ukraynanın nəzarətində olan ərazilərin qaytarılmasını tələb etməsi və təhlükəsizlik zəmanətləri məsələsi danışıqların ən mürəkkəb hissəsini təşkil edir. Bu məsələlər üzrə irəliləyiş əldə olunacağı təqdirdə proses sürətlənə bilər.
Bununla belə, Uitkoff və Kuşnerin Zelenski ilə görüşünün niyə təxirə salındığına dair rəsmi açıqlama yoxdur. Hər hansı ciddi siyasi kurs dəyişikliyi də görünmür. Bir neçə gün öncə ABŞ-də Ukrayna nümayəndələri ilə keçirilən görüşdə Vaşinqton tərəfi danışıqların konstruktiv və pozitiv olduğunu bəyan edib”.
//Gülnarə Abasova, Editor.az

