Moskva görüşü: “Alternativ yollar axtarışında olan Rusiyanın Cənubi Qafqazda öz gizli gündəliyi var”backend

Moskva görüşü: “Alternativ yollar axtarışında olan Rusiyanın Cənubi Qafqazda öz gizli gündəliyi var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskvada keçirilən iki və üçtərəfli görüşlər gözlənilənin əksinə nəticəsiz başa çatdı. Danışıqların başlamasından əvvəl gözlənilirdi ki, Azərbaycan və Ermənistan arasında bir-birinin ərazi bütövlüyünü tanımaq barədə sənəd imzalanacaq. Lakin tərəflər bu barədə yalnız şifahi bəyanatlar verməklə kifayətləndilər”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Politoloqun sözlərinə görə, Moskva görüşündən çıxan yeganə nəticə hər üç ölkənin baş nazir müavinlərinin bir həftə müddətində kommunikasiya xətlərinin açılması ilə bağlı danışıqların razılaşdırılması oldu:

“Moskva danışıqları Ermənistanın destruktiv mövqeyini və Rusiyanın Cənubi Qafqazda davamlı və möhkəm sülhün inşa edilməsində maraqlı olmadığını ortaya qoydu. Aydın oldu ki, Rusiyanın Cənubi Qafqazda öz gizli gündəliyi var. Ermənistan sülh müqaviləsini imzalamadan kommunikasiya xətlərinin açılmasına çalışır ki, bu da tipik erməni hiyləgərliyidir. Kommunikasiya xətlərinin açılmasında Azərbaycan da maraqlıdır, lakin bunun sülh müqaviləsi imzalandıqdan sonra həyata keçirilməsini istəyir. Ukraynaya hərbi təcavüzdən sonra Qərbin sərt və ağır sanksiyalarına məruz qalan Rusiya isə alternativ yollar axtarışındadır. Ruslar belə bir imkanı Şərq-Qərb və Şimal-Cənub koridoru vasitəsilə yalnız Azərbaycan üzərindən qazana bilərlər. Lakin Rusiya bu koridoru Cənubi Qafqazda qeyri-müəyyənliyi davam etdirərək əldə etməyə çalışır ki,bu da ölkəmizin maraqlarına uyğun deyil.Üçtərəfli görüşün cəmi 20 dəqiqə sürməsi də, rəsmi Bakının bu şərtlərlə razılaşmadığını göstərən əsas faktordur”.

F. Məhərrəmli sonda Rusiyanın öz maraqlarını çox öndə tutması səbəbilə Moskva danışıqlarının bu raundunun fiasko ilə nəticələndiyini söyləyib: “Bu cür davam edəcəyi təqdirdə Moskvanın Ermənistan-Azərbaycan danışıqlarında vasitəçilik missiyası da sual altına düşəcək”.

//Gülnarə Abasova, Editor.az