Moskva görüşü hələ başlamadan Azərbaycanın xeyrinə bitmişdi: Ermənistanın “ipləri” rəsmi Bakının əlinə keçirbackend

Moskva görüşü hələ başlamadan Azərbaycanın xeyrinə bitmişdi: Ermənistanın “ipləri” rəsmi Bakının əlinə keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Qafqazın lider dövləti olan qalib Azərbaycanın güclü Prezidenti İlham Əliyevlə, məğlub Ermənistanın görüşə gizli yollarla getmək məcburiyyətində qalmış zəif baş naziri Nikol Paşinyanın müzakirə masasından fərqli nəticələr gözlənilmirdi…

Rusiyanın paytaxtı Moskvada keçirilən son görüş Cənubi Qafqazda cərəyan edəcək hərbi-siyasi proseslərin istiqamətləri baxımdan, böyük önəm daşıyır. Çünki bu görüşün nəticələri regionda savaş faktorunun yerini müəyyən edə bilər. Və bu, regionda sülhün, əmin-amanlığın bərqərar olmasına təsir göstərə biləcək önəmli amillərdəndir.

Onu da qeyd edək ki, bu görüşün keçirilməsinə münaqişə tərəflərində münasibət qətiyyən birmənalı deyildi. Azərbaycan və Ermənistan cəmiyyətlərində əhval-ruhiyyə kəskin şəkildə fərqlənirdi.

Təbii ki, Azərbaycan cəmiyyəti də Moskva görüşünə böyük maraq göstərirdi. Ancaq Azərbaycan ictimaiyyətinin bu görüş və mümkün nəticələri barədə hər hansı narahatlığı yox idi. Əksinə, savaşdan öncəki dövrlərdən fərqli olaraq, özünü çox rahat hiss edirdi.

Təbii ki, bu, rahatlıq qətiyyən gözlənilməz deyildi və təəccüblə qarşılanan bilməzdi. Çünki Azərbaycan bu görüşdə hərbi zəfər qazanmış güclü ölkə statusunda iştirak edirdi. Azərbaycan Prezidenti İlham Əliyevin görüş öncəsi əli gücluydü. O, Moskvaya qalib ölkənin dövlət başçısı və xalqının tam dəstəyini arxasına alaraq, şərtləri diqtə etmək hüququ ilə getmişdi. Və ən əsası Azərbaycan Prezidenti İlham Əliyevin bölgənin yenidən qurulması, situasiyaya tam nəzarət imkanı verən zərgər dəqiqliyi ilə hesablanıb, planlaşdırılmış proqrama sahib olduğu da şübhə doğurmur.

Eyni fikirləri Ermənistan və baş nazir Nikol Paşinyan haqqında söyləmək qətiyyən mümkün deyil. Belə ki, Ermənistan savaşda sadəcə, məğlub edilməyib, darmadağın olunub. İndi Ermənistan bütün sahələr üzrə dərin böhran yaşanır.

Ermənistan cəmiyyətində Moskva görüşündən müsbət heç nə gözləmirdilər. Əksinə, rəsmi İrəvanın üzərinə daha ağır şərtlərin yüklənə biləcəyindən ciddi narahatlıq hökm sürürdü.

Ermənistanı görüşdə təmsil edən baş nazir Nikol Paşinyan cəmiyyətin dəstəyini tamamilə itirib. Savaşda məğlub ölkənin rəhbəri kimi onun hər hansı məsələdə şərt irəli sürmək şansları isə demək olar ki, mövcud deyildi.

Əslində, Moskva görüşü Ermənistan üçün hələ bir neçə gün öncədən başlanmışdı. Ermənistan cəmiyyətində əsas şüarlar “Nikol Moskvaya getmə, daha heç bir anlaşmaya imza atma…” məzmunu daşıyırdı. Hətta onun Moskvaya səfərini əngəlləmək üçün müxtəlif ictimai kampaniyalar başladılmışdı.

Baş nazirin keçəcəyi yolların kəsilməsinə, hava limanının blokadaya alınması planlaşdırılırdı. Və Ermənistan baş naziri Rusiya paytaxtına gizli yollarla getmək məcburiyyətində qaldı.

Moskvada isə Ermənistan səfirliyi qarşısındakı ermənilərin etiraz aksiyasında səsləndirilən “Nikol satqın” kimi təhqiramiz şüarlar ilə qarşılandı. Və bu, Moskva görüşünün hələ başlamadan Azərbaycanın xeyrinə sona çatdığını göstərirdi.

Halbuki, Kremldən verilən açıqlamada Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli danışıqların gündəliyində ermənilər üçün taleyüklü məsələlərin yer aldığı da diqqətdən yayınmırdı. Belə ki, tərəflərin 10 noyabr üçtərəfli bəyanatının icrası ilə yanaşı, döyüş əməliyyatlarına məruz qalan bölgələrin sakinlərinə yardımın göstərilməsi, ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin açılması və inkişafı kimi önəmli problemlərin həllinə xüsusi diqqət yetirəcəkləri vurğulanırdı.

Əlbəttə ki, bu gündəliyin bəzi maddələri Azərbaycan üçün elə bir ciddi əhəmiyyət daşımır. Məsələn, Ermənistan ilə ticarət və iqtisadi əlaqələrin yaradılmasının Azərbaycana nələrisə qazandıra biləcəyi müəyyən suallar doğurur. Çünki, Ermənistanın iqtisadiyyatı demək olar ki, yoxdur, bu sahə tamamilə çökmüş vəziyyətdədir.

Ancaq Ermənistan Azərbaycan ilə ticarət və iqtisadi əlaqələrin qurulmasından daha çox faydalana bilər. Çünki Ermənistan blokada şəraitindədir. Öz iqtisadiyyatını inkişaf etdirmək üçün “geoiqtisadi nəfəsliyə” möhtacdır. Həmin “nəfəslik” isə tam şəkildə Azərbaycanın əlindədir. Yəni, rəsmi İrəvan Ermənistanın mövcudluğunu qorumaq üçün mütləq Azərbaycan ilə ticarət və iqtisadi əlaqələrin qurulmasına məcburdur.

Əks halda, Ermənistan dərin böhran içərisində boğularaq, elə indi də çox da uzağında olmadığı ibtidai icma quruluşuna dönə bilər. Hər halda, Ermənistan əhalisi acdır. Mifik “erməni xəyalları” ilə Ermənistan əhalisinin qarnını doydurmaq isə qətiyyən mümkün deyil. Və rəsmi İrəvan bundan sonra mifik və içi boş “erməni xəyalları”nı bir tərəfə buraxıb, proqmatik və realist dünya görüşü ilə hərəkət etməyi öyrənməlidir.

Əks halda, Ermənistanı “erməni xəyalpərəstləri”nin iddia etdiyi kimi, Dağlıq Qarabağa nəzarətin itirilməsi və ya Moskva görüşünün nəticələri deyil, blokada şəraitində aclıq və səfalət bitirəcək. Ona görə də, rəsmi İrəvan nə qədər paradoksal olsa da, Azərbaycanın Ermənistan üçün yeganə xilas qapısı olduğunu mümkün qədər tez anlamalıdır.

Maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putinin üçtərəfli görüşdə səsləndirdiyi bəzi fikirlər də bu reallığı təsdiqləyir. Belə ki, prezident V.Putin “Qarabağdakı yenidənqurma prosesi ilə Rusiya, Ermənistan və Azərbaycanın baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupu məşğul olacaq” deyib.

Əlbəttə, bu cümləni əhəmiyyətsiz hesab edənlər də ola bilər. Ancaq diqqətlə təhlil etdikdə bu cümlənin arxasında çoxlu sayda önəmli faktorların gizlənə biləcəyi şübhə doğurmur.

Məsələ ondadır ki, indiyə qədər Rusiya sülhməramlı qüvvələri ermənilərin Xankəndi bölgəsinə dönüşünü təmin etməklə məşğul idi. Bu, Kremlə Rusiya sülhməramlı qüvvələrinin bölgədə qalmasını əsaslandırmaq üçün lazımıydı. Artıq 50 minə yaxın erməni bölgəyə qayıdıb və hələlik onların xərclərini məhz Rusiya çəkir.

Ancaq bundan sonra işin rəngi dəyişməyə başlayıb. Belə ki, Rusiya üçün yetərli sayda erməni bölgəyə qayıtdıqdan sonra Kreml xərcləri münaqişə tərəflərinin üzərinə yükləmək qərarına gəlib.

Əslində, Rusiyanın bölgədəki ermənilərin ehtiyaclarını tam və vaxtında ödəmək imkanları məhduddur. Ona görə də, “Dağlıq Qarabağ beynəlxalq hüquqla Azərbaycanın ayrılmaz tərkib hissəsidir” deyən prezident V. Putin Xankəndidə ermənilərin yaşamaq xərclərini Azərbaycanın öz üzərinə götürməsinin vaxtının çatdığını düşünür. Və ona görə də, üç baş nazir müavininin iştirakı ilə işçi qrupu ideyasını gündəmə gətirir.

Təbii ki, rəsmi Bakı buna qarşı deyil. Ancaq rəsmi Bakının bu prosesə başlaması üçün Azərbaycanın bəzi şərtləri də yerinə yetirilməlidir. Birincisi, artıq terrorçu dəstələr statusu qazanmış Ermənistan silahlı qüvvələri bölgədən tamamilə çıxarılmalıdır. Ardınca, bölgədə Azərbaycanın dövlət idarəetmə sisteminin yaradılmasına başlanılmalıdır. Bölgədə olan ermənilərin orada yaşamaq hüquqları təftiş olunmalıdır. Və bununla da bölgəsinin tam şəkildə Azərbaycanın nəzarətinə keçirilməsi prosesi başlamalıdır.

Əlbəttə ki, Ermənistanda proseslərin belə inkişaf perspektivlərindən məmnun olmayanlar olmaya bilər. Ancaq rəsmi İrəvanın reallığı qəbul etməkdən başqa çarəsi yoxdur. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bölgədə rəsmi Bakının hüquqi-siyasi iradəsinin alternativi mövcud deyil.

Eyni zamanda, əgər, rəsmi İrəvan Ermənistan və Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin qurulmasında maraqlıdırsa, şərtlərə də müqavimət göstərə bilməz. Elə Kreml sahibi də bu məsələləri paralel şəkildə gündəmə gətirməklə reallığı çox diplomatik olaraq, Ermənistana anlatmağa çalışır.

Beləliklə, anlaşılan odur ki, Rusiya Dağlıq Qarabağın hüquqi-siyasi, maliyyə-iqtisadi idarəçilik məsuliyyətini Azərbaycana ötürməyə hazırlaşır. Əvəzində isə Azərbaycan və Ermənistan arasında ticarət və iqtisadi əlaqələrin qurulmasına, kommunikasiya xətlərinin açılmasına çalışır.

Bu isə son nəticədə olaraq, Azərbaycanın maraqlarına tamamilə cavab verir. Eyni zamanda, Ermənistanın “iplər”inin rəsmi Bakının əlinə keçməsinə yönəlik prosesin başlanma ehtimalını artırır.

“Yeni Müsavat” Media Qrupu