Editor.az Milli Məclisin deputatı Arzu Nağıyevlə müsahibəsini təqdim edir:
-Məlumdur ki, iyulun 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib. Danışıqlarda Bakı və İrəvan arasında sülh müqaviləsinin hazırlanması məsələsinin müzakirəsi də gözlənilirdi. Siz, baş tutan Moskva görüşünü necə dəyərləndirirsiniz?
-Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Arorat Mirzoyan və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında üç tərəfli görüş baş tutub. Görüşdən öncə Azərbaycan XİN və Rusiya XİN eyni zamanda Rusiya XİN və Ermənistan XİN arasında da görüş baş tutub. Hər bir görüşdən nəticə kimi üçtərəfli görüşdə müzakirələr aparılıb. Əsas məqsəd isə danışıqlar prosesində iştirak etmək, sülh müqaviləsinin imzalanması üçün ciddi addımların atılması, keçmiş görüşlərdə həllini tapmayan müəyyən problemlərin həlli istiqamətində müzakirələrin aparılmasıdır. Ermənistan tərəfi yenə də ciddi cəhdlə guya Qarabağda yaranmış “humanitar problemləri” üzə çıxarır və Azərbaycanı bununla bağlı günahlandırmağa çalışıb. Lakin bu, absurd məsələdir. Azərbaycan XİN tərəfindən də birmənalı şəkildə cavabları verilir. Ermənilərin bu kimi addımları sülh müqaviləsinin imzalanmasının vaxtını uzatmağa hesablanmış siyasi gedişdir. Azərbaycan faktlarla hər bir məsələni masa üzərində həll etməyə qadirdir. Prezident İlham Əliyev də vaxtilə açıqlamasında bildirmişdi ki, əgər Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyü tanınırsa, masada da imzalarla təsdiqini tapmalıdır.
-Ümumiyyətlə, Moskva platforması Azərbaycan və Ermənistan maraqlarına uyğun gəlir?
-Məlumdur ki, danışıqlar ABŞ, Avropa və Rusiya müstəvisində gedir. Hər bir danışıq isə müəyyən irəliləyiş deməkdir. Lakin Rusiyanın atdığı addımlar onu deməyə əsas verir ki, rəsmi Moskva Cənubi Qafqazda öz nüfuzunu bərpa etmək üçün hər vəchlə prosesə daxil olmağa çalışır. Bununla da öz “nüfuzunu” bütün dünyaya göstərmək istəyir. Əsas məqam bundan ibarətdir. Bunun üçün də görüşlərdən sonra Moskva siyasi gedişlər edərək XİN səviyyəsində prosesi nizamlamağa çağırır. Son görüşdə də üçtərəfli sammitin keçirilməsi və burada sülh müqaviləsinin imzalanması bir mesaj kimi ortaya qoyulur. Ukrayna müharibəsindən sonra bir sıra Qərb ölkələri, Fransa, Kanada ciddi cəhdlə Cənubi Qafqazda öz nüfuzunu bərpa etməyə çalışır. Rusiyanı prosesdə ikinci plana keçirmək istəyirlər. Rəsmi Moskva da bunu dərk etdiyi üçün danışıqlar prosesində aparıcı rolu ələ almağa çalışır.
-Görüşün ardınca Sergey Lavrov ölkə başçılarının görüşünün də baş tutacağı ilə bağlı açıqlama verdi. Rusiyanın məqsədi nədir və ümumiyyətlə liderlərin görüşü labüddür?
– Rusiya xarici işlər naziri Sergey Lavrovun verdiyi açıqlamadan məlum olur ki, onlar üçtərəfli sammitin keçirilməsində maraqlıdırlar. Burada müəyyən sənədlərin hazırlanması, eləcə də problemlərin müzakirəsi əsas predment təyin edilib. Rusiya ciddi-cəhdlə çalışır ki, sülh müqaviləsinin imzalanmasında vasitəçilik rolunu ələ ala bilsin.
//Safura Bənnayeva, Editor.az

