“Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri və V. Putinlə şifahi danışıqlar aparması, heç bir sənəd imzalanmaması Moskvanın mövqeyindən irəli gəlib. Çünki V. Putin N. Paşinyana etibar etmir və onun hakimiyyətdən getməsində maraqlıdır”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
0
O bildirib ki, sözügedən görüşdə N. Paşinyana verilən əsas təlimatlar Ermənistan hökumətində Rusiyaya yaxın şəxsləri nazir təyin etmək və Qərblə əlaqələrdə məsafə saxlamaq kimi məsələlər olub:
“Təbii ki, təhlükəsizlik və bütün istiqamətlərdə Rusiyadan asılı olan N. Paşiyan Putinin bu təlimatlarını yerinə yetirəcək. Amma N. Paşinyan Rusiyanın gələn ildən mövqelərini zəiflətmək üçün planlı şəkildə fəaliyyətə başlayacaq. Orduda Rusiyaya yaxın generalları istefaya göndərməsi, özünə qarşı silahli hərbi çevriliş cəhdinin qarşısını alır, həm də Moskvanın ordu üzərində nəzarətini neytrallaşdırır. Amma, onun buna nail olacağı mümkün deyil. Çünki Rusiya Ermənistan ordusunu yenidən qurur və öz kadrlarını rəhbərliyə gətirəcək”.
Politoloqun sözlərinə görə, Nikol Paşinyan müxtəlif istiqamətlərdə Rusiyanın təsirini azaltsa da, ordu üzərində buna nail ola bilməyəcək:
” Paşinyan o zaman buna nail ola bilər ki, Rusiyadan hərbi kömək istəməsin. N. Paşinyanın Moskvaya səfəri göstərir ki, o, bir müddət iki stolda oturmaq niyyətindədir. Ermənistanın çıxış yolu, Rusiyanın təsirini zəiflətmək, yalnız ordudan imtina etməsindədir. Darmadağın olan erməni ordusunu yenidən qurmaq N. Paşinyanın avrointeqrasiya siyasətinə mane olacaq və Moskvadan asılı saxlayacaq”.
//Gülnarə Abasova, Editor.az

