“Moskva görüşünü müsbət qiymətləndirmək lazımdır”-Vüqar Bayramov ŞƏRH EDİRbackend

“Moskva görüşünü müsbət qiymətləndirmək lazımdır”-Vüqar Bayramov ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“May ayında Azəbaycan və Ermənistan arasında keçirilən görüşlərin nəticələrini müsbət qiymətləndirmək olar. Çünki Vaşinqton, Brüssel və Moskvada tərəflər xüsusən də mübahisəli hesab edilən məsələlərlə bağlı müəyyən razılıqlar əldə edə biliblər. Yayılan məlumatlar da bundan xəbər verir”.

Bu fikirləri Editor.az-a Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycan, Ermənistan və Rusiya Xarici İşlər Nazirlərinin Moskvada baş tutan görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, bütün görüşlərin müzakirələrinin əsas ana xətti tərəflərin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasıdır:

“Bu, alternativsiz yanaşmadır. “Alma-Ata” protokolu da tərəflərin bu istiqamətdə istinad edəcəyi ən vacib sənədlərdəndir. Son Brüssel görüşündə bu bəyanata istinad olunması, Vaşinqton və Moskva görüşlərində ərazilərin qarşılıqlı tanınması məsələsinin müzakirəyə çıxarılması ondan xəbər verir ki, artıq real addımların atılması gözləniləndir. Sülh müqaviləsinin nə zaman imzalanacağını proqnozlaşdırmaq çətin olsa da bu ay keçirilən görüşlər tərəflərin fərqli məsələlər üzrə fikirlərində yaxınlaşmanın olduğundan xəbər verir “.

Deputatın fikrincə, rəsmi Bakı üçün sülh sazişi yalnız ərazi bütövlüyünün və suverenliyinin tanınacağı halda mümkündür:

“Azərbaycan həm iqtisadi, həm də hərbi cəhətdən Qafqazın ən güclü ölkəsidir. Eyni zamanda sülhün əldə olunmasında maraqlı olan dövlətdir. Ona görə də danışıqları davam etdirirk. Moskva görüşünü də müsbət qiymətləndirmək lazımdır”.

Vüqar Bayramov qeyd edir ki, iyunun 1-də Kişinyovda keçirilməsi planlaşdırılan görüşə qədər təşkil edilmiş müzakirələrin nəticələri ümidvericidir:

“Bütün bunlar Azərbaycan və Ermənistan arasında uzun müddət davam edən konfliktin sülh sazişi ilə başa çatmasına səbəb ola bilər. Postsovet məkanın ən uzun konfliklərindən biri kimi xarakterizə edilir. Tərəflərin diplomatik münasibətlər qurması üçün sülh sazişinə ehtiyac var”.

//Safura Bənnayeva, Editor.az