Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında baş tutan görüşlərə rəsmi Moskvadan reaksiya gəlib. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar istisna olmaqla, Qarabağın nizamlanması üçün başqa hüquqi əsaslar yoxdur. Onun fikrincə, Bakı ilə İrəvan arasında vəziyyətin nizamlanmasına yardımı alqışlamaq olar, ancaq bu, yuxarıda qeyd olunan razılaşmalar əsasında həyata keçməlidir.
Mövzu ilə bağlı Editor.az-a açıqlamasında politoloq Fikrət Sadıxov bildirib ki, rəsmi Moskva indiyə qədər elə bilir ki, Azərbaycanla Ermənistan arasındakı münaqişənin yatırılması və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasında rolu əvəzedilməzdir:

“Rusiya düşünür ki, bir oyunçu bu regiona müdaxilə edə bilməz və vasitəçilik rolu ancaq ona məxsusdur. Bu, absurd və gülünc bir yanaşmadır. Təbii ki, Azərbaycan belə bir yanaşma ilə heçvaxt razılaşmayacaq və öz maraqları çərçivəsində uyğun bildiyi addımları atacaq. O cümlədən, ABŞ-ın vasitəçiliyi ilə Ermənistanla baş tutacaq danışıqlar prosesinə qatılacaq. Belə ki, Azərbaycan regionda sülh və sabitliyin tənzimlənməsinə gedən bütün yollara açıqdır. Rəsmi Bakının başlıca niyyəti də elə budur”.
Politoloqun sözlərinə görə Vaşinqton danışıqlarını Rusiya çox qısqanclıqla izləyir:
“Rusiya Ermənistana təzyiq edə bilər. Çünki İrəvan Moskva ilə bir çox sahələr üzrə sıx bağlıdır. Regionda güclü oyunçuya çevrilmiş Azərbaycan isə Rusiyadan heç cür aslı deyil. Eyni zamanda, Bakı Moskva ilə də düşmənçilik münasibətləri saxlamır. Ermənistan Rusiyaya qarşı müxtəlif bəyanatlarla çıxış edir, mitinqlər təşkil olunur. Hər halda Rusiyanın bizə təsir etmək imkanları yoxdur. Azərbaycanın kifayət qədər həm hərbi, həm iqtisadi potensialı, kifayət qədər güclü müttəfiqləri var. Moskva da bunu yetərincə dərk edir”.
//Gülnarə Abasova, Editor.az

