Moskva nə etmək istəyir?- “Rusiya Ukraynaya qarşı başlatdığı müharibədə keçmiş SSRİ respublikalarından böyük dəstək gözləyirdi”backend

Moskva nə etmək istəyir?– “Rusiya Ukraynaya qarşı başlatdığı müharibədə keçmiş SSRİ respublikalarından böyük dəstək gözləyirdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya və Qazaxıstan arasında münasibətlər son günlər gərginləşməkdə davam edir. Rusiyanın Ukraynaya fevralın 24-dən başlayan hərbi müdaxiləsindən sonra bütün dünyanı qarşısına aldığı bir dövrdə böyük ümid  bəslədiyi ölkələr keçmiş SSRİ respublikaları idi. Rəsmi Moskva həmin dövlətlərdən böyük dəstək gözləyirdi”.

Bu sözləri Editor.az -a açıqlamasında “Qafqaz: əməkdaşlıq və inteqrasiya” klubunun sədri, politoloq Anar Əliyev deyib.

Politoloq bildirib ki, Sankt-Peterburqda keçirilən görüşdə də Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Luqansk və Donetski  nəzərdə tutaraq oyuncaq respublikaların heç bir halda tanınmayacağı barədə fikirlər səsləndirməsi Rusiya cəmiyyəti tərəfindən Qazaxıstanın böyük xəyanəti kimi qiymətləndirilib:

“Çünki yanvar ayında Qazaxıstanda baş verən dövlət çevrilişinə cəhd hadisələri və ölkəni bürüyən iğtişaşların  qarşısının alınmasında Rusiyanın mühüm rolu olub. Rusiyanın bu prosesdə Tokayevin yanında yer alması və  onu dəstəkləməsi Qazaxıstanda dövlət çevrilişinə cəhd edən kənar qüvvələrin imkanlarını kifayət qədər məhdudlaşdırmışdı. Dövlət tezliklə həmin iğtişaşları nəzarət  altına alıb və vaxtında bu prosesləri boğa bilmişdi. Bu mənada Tokayevin bu addımı Rusiyanın yaxşılığına qarşı yamanlıq kimi qiymətləndirilir. Ancaq Rusiyanın postsovet respublikalarına, xüsusilə də daim Qazaxıstana sərgilədiyi mövqe, Qazaxıstanın rusdilli əhalisinin yaşadığı şimal əraziləri daim öz ərazisi kimi yanaşması, hətta bir çox hallarda Rusiya rəsmi şəxslərinin dilindən tarixdə Qazaxıstan adlı dövlətin heç bir halda mövcud olmadığı süni dövlət kimi qiymətləndirmələri birmənalı şəkildə Qazaxıstan siyasətində qəbul edilmirdi, daim bu yanaşmaya qarşı bir mövqe sərgilənirdi. Hesab edirəm ki, Tokayevin sərgilədiyi müstəqil xarici siyasət yeritmə istəyi və Qazaxıstan dövlətinin, regionun maraqlarına xidmət  edən davranışları bölgə xalqları tərəfindən yüksək qiymətləndirilir. Hesab olunurdi ki, türkçülük istiqamətində atılan addımlar, türk dilinin yeganə rəsmi dil səviyyəsinə qaldırılması, Türkiyə ilə ciddi siyasi, iqtisadi əlaqələrin qurulması, Türk Dövlətlər Birliyində Qazaxıstanın mühüm aparacı rola sahib olması və Orta Asiya türkdilli respublikalarının bu Birliyə cəlb olunmasında və aktiv iştirakının təmin olunmasındakı aparıcı rolunun məhz üzərində olması Rusiyanın Qazaxıstanla münasibətlərinin gərginləşməsinə səbəb olacağına zəmin yaradırdı”.

Anar Əliyev hesab edir ki, Rusiyanın Ukraynada bataqlığa batdığı və çıxılmaz vəziyyətə düşdüyü indiki şəraitdə  Qazaxıstanla baş-başa gəlməsi və yeni cəbhə açması heç bir halda dövlət maraqlarına xidmət etmir:

” Bunu nəzərə alan Rusiya rəsmiləri mümkün qədər Qazaxıstanı təzyiq altında saxlayaraq müəyyən güzəştlər əldə etmək, ancaq heç bir halda münasibətləri gərginlik səviyyəsinə gətirib çıxarmamağa çalışacaqlar. İndiki halda Orta Asiya respublikalarının Rusiyaya münasibətlərinin formalaşmasında, xüsusilə Çin və Hindistanla ticarət əlaqələrinin qurulmasında Qazaxıstanın da geostrateji və geocoğrafi mövqeyi əhəmiyyətlidir. Bu mənada isə hesab edirəm ki, Rusiya-Qazaxıstan münasibətləri daha gərginləşməyəcək. Ancaq onu da qeyd etmək lazımdır ki, indiki vəziyyətdə Rusiyada keçmiş postsovet respublikalarına münasibətdə yenidən imperalist düşüncə geniş yer almağa başlayıb. Hesab edirəm ki, Rusiya öz rəsmi siyasətində keçmiş postsovet respublikalarına münasibətində  müəyyən dəyişikliklər etməyə məcburdur. Əks halda Rusiyanın indiki beynəlxalq geosiyasi təklənmə vəziyyətində keçmiş Sovet İttifaqı respublikaları tərəfindən də təcridolunma formalaşa bilər ki, bu da Rusiya üçün intihara  bərabərdir”.

//Gülnarə Abasova, Editor.az