Moskva planlarını açıqladı: bəs Qərb bizdən nə istəyir?backend

Moskva planlarını açıqladı: bəs Qərb bizdən nə istəyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla Ermənistan arasındakı sərhədin delimitasiya problemini də nəzərdən keçirmək olar. Delimitasiya ilə bağlı xidmətlərimizi təklif etdik. Tərəflər də razılığa gəldilər ki, Rusiya tərəfinin də məsləhətçi qismində iştirak edəcəyi birgə delimitasiya komissiysı yaradacaqlar. Lakin bizi ora dəvət etmirlər. Artıq Şarl Mişel də bəyan edib ki, delimitasiya ilə Avropa İttifaqı məşğul olacaq. Halbuki Avropa İttifaqında heç bir xəritə yoxdur və ola da bilməz.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfrasında sualları cavablayarkən Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası barədə belə deyib.

O, daha sonra söyləyib: “Xəritələr Rusiyadadır və bu, tərəfləri qane etsə də, delimitasiya prosesinə qatılmaq istəyən ABŞ ilə Avropa İttifaqını qane etmir. Sən demə, SSRİ Baş Qərargahının xəritələri də nə yollasa onlarda da varmış”.

Sergey Lavrovun daha bir açıqlaması da maraqlıdır.

“Görüşdə onlar Azərbaycanla Ermənistanın bir-birlərinin ərazi bütövlüyünü Almata bəyannaməsinə tam uyğun olaraq qarşılıqlı şəkildə tanıdıqları barədə sənədi təsdiqlədilər. Belə bəyanatın hazırlandığını bilmirdik və Qarabağın statusu məsələsinin bağlandığını düşündük. Yəni bilavasitə Ermənistanın baş naziri tərəfindən bağlandığını. Baxın, orada Makron da vardı. Bu səbəbdən kimin hansı rol oynaması barədə ehtimal irəli sürə bilmərəm”, – S.Lavrov söyləyib.

Beləliklə, Rusiya Federasiyasının Cənubi Qafqazdakı proseslərdən kənarlaşmaq istəmədiyi aydındır. Daha doğrusu, Rusiya onu proseslərdən kənarlaşdırmaq cəhdlərinə çox sərt reaksiyasını nümayiş etdirdi.

Səbəblər bəllidir, bəs nəticələr?

Proses bir neçə müstəvidə cərəyan edir.

Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması prosesində Rusiya vasitəçi və qarant olmaq istəyir. Bakının belə vasitəçilik missiyasına zərurəti yoxdur. Tam əksinə, sülh sazişi bilavasitə Bakı və İrəvan arasında keçirilən ikitərəfli (!) danışıqların məntiqi nəticəsi olmalıdır.

Prosesdə istənilən üçüncü tərəfin vasitəçiliyi və ya təminatçı olması hadisələrin gedişatında bəlli problemlər yaradacaq.

Hazırda Rusiya ilə yanaşı, Fransa, Avropa İttifaqı və ABŞ da vasitəçilik missiyasını reallaşdırmaq istəyirlər. Onların hər birinin təbii ki, merkantil geosiyasi maraqalrı var, sözügedən maraqlar da bölgədə təsir imkanlarının artırılması və mövqelərin gücləndirilməsi məqsədini güdür.

Fransa mübarizədə birmənalı autsayderdir, çünki Ermənistanı total dəstəkləyən rəsmi Paris Azərbaycanla bağlı həddən ziyadə aqressiv, isterik və qərəzli mövqe tutub.

Fransa prezidenti Emmanuel Makron iki il əvvəl vasitəçilik missiyasına yiyələnmək üçün konkret addımlar ataraq qərarlar versə də, hətta Qranada sammitinə qatılaraq Almaniyanın baş naziri Olaf Şoltsla birlikdə təminatçı rolunda çıxış etməyə çalışsa da, onun mövqelərindəki absurd qərəz Bakının sərt reaksiyasına səbəb olub.

Belə ki, rəsmi Paris “Ermənistanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığının müdafiəsi üçün” səylərini əsirgəməyəcəyini deyir, amma bu sözlərin yer aldığı bütün bəyanatlarla qətnamələrdə mifik “Dağlıq Qarabağ Respublikası”ndan bəhs olunur, “qarabağlı ermənilərin qayıdışının təminatının məcburiliyi”ndən bəhs olunur, Xankəndindəki sabiq separatçı xunta “qanuni və legitim hakimiyyət” kimi qələmə verilir.

Sərhəd toxunulmazlığı, ərazi bütövlüyü və suverenitet beynəlxalq hüququn danılmaz, aprior prinsipləridir. Belədirsə, rəsmi Paris nədən, hansı səbəblərə əsaslanaraq onları Ermənistana şamil edir, amma Azərbaycana qarşı separatizmi, ərazi iddialarını və terrorçuluğu dəstəkləyir?

Ümumiyyətlə, belə naqis, yaramaz mövqe tutan dövlət obyektiv vasitəçi, normal qarant ola bilərmi?

Təbii ki, yox.

Avropa İttifaqının cəhdlərinə gəldikdə isə, Ermənistandakı müşahidə-monitorinq missiyasının (EUMA) heyətini artıran rəsmi Brüssel bölgədə sülhlə stabilliyin bərqərar olması üçün söz yıığınından ibarət bəyanatlardan savayı, real heç bir iş görməyib.

Avropa İttifaqı Siyasi Şurasının rəhbəri Şarl Mişel dörd dəfə Azərbaycan və Ermənistan rəhbərlərini bir araya gətirərək sülh sazişinin imzalanması istiqamətində real irəliləyişə nail olmağa çalışsa da, onun vasitəçilik missiyası sonradan elə Brüsseldəki isteblişment tərəfindən “torpedo atəşi”nə tutuldu.

Bu isə Avropa İttifaqının rəhbər siyasi strukturlarında siyasi reallıq hissinin itirilməsinə, beynəlxalq hüququn prinsiplərinin ayrı-seçkilik əsasında tətbiqinə dəlalət edir.

Rəsmi Brüsselin Bakı ilə bağlı mövqeyində qərəz motivləri gün keçdikcə, daha da artır.

Siyasi idiotizm o həddə çatıb ki, Azərbaycan ərazilərinin 20 faizinin Ermənistanın işğalında olduğu 30 il ərzində rəsmi İrəvana zərrə qədər təzyiq göstərməmiş Avropa İttifaqı torpaqlarımız erməni işğalından azad ediləndən və erməni separatizminə son qoyulandan sonra sanki isteriyaya qapıldı. Belə çıxır ki, Brüssel üçün erməni işğalçılığı normal hal, Azərbaycanın bu işğalçılığa son qoyması və beynəlxalq hüquq çərçivəsində davranması isə “yolverilməz aqressiya”dır.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə sözçüsü Peter Stano “sivil Avropa ailəsi” tərəfindən Bakıya “ciddi siqnallar” göndərməyə belə, cəsarət edib.

“Ermənistanın ərazi bütünlüyünün Azərbaycan tərəfindən pozulması Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərə çox ciddi təsir edə bilər”, – P.Stano bildirib.

Göründüyü kimi, kollektiv Qərbin ölkəmizə qarşı aqressiv davranışı daha da artır. Fransa Senatının qəbul etdiyi və Azərbaycana qarşı cəza sanksiyalarının tətbiq olunmasının istənildiyi qətnamə də bəhs etdiyimiz məcrada olan aksiyadır.

Bütün bunlar belədirsə, guya “vasitəçilik” etməyə çalışan Şarl Mişelin, Jozep Borrelin və Tayvo Klaarın gerçək məqsədləri nədir?

Parisin həyasızlığı və Brüsselin marazmına əsaslanan “Avropa İttifaqının kollektiv təhlükəsizlik siyasəti”in tərkib hissəsi olan eqoizm, yalnız öz maraqlarının təminatı istəyi, hədəfə alınan dövlətin mənafeyinin heçə sayılması və s. elə Aİ üzvü olan ölkələrin bir neçəsində kəskin qıcıq, hətta müqavimət yaradıb.

Bəhs etdiyimiz məqamlar onu göstərir ki, sözün gerçək mənasında tam müstəqil siyasət yürüdən Azərbaycana qarşı təzyiqlər bundan sonra da artacaq. Aynada gözünü görmək istəməyən, mübtəla olduğu ksenofobiyanı, islamofobiyanı, türkofobiyanı, irqçi ayrı-seçkiliyi və s. görməzdən gələn kollektiv Qərb artıq dünyanın bir sıra bölgələrini alovlanmış məkanlara çevirib.

Amma Qərbin Cənubi Qafqazdakı planlarına Azərbaycan mane olur.

Bölgənin ən dinamik inkişaflı, güclü və müstəqil ölkəsi kimi.

Rusiyanın XİN başçısı Sergey Lavrov bunu anlayır, Azərbaycanı real tərəfdaş və müttəfiq qismində görür.

Biz sülh, stabillik və inkişaf istəyirik.

Qərb də bunu istəyirsə, müttəfiq ola bilər.

Vasitəçi, mentor, qarant, hami və s. yox.

Sadəcə, tərəfdaş və ya müttəfiq.

TREND