“Rusiyanın xarici siyasətinin qırmızı xətti hesab edilən NATO-nun sərhədlərinə gəlməməsi fikri Finlandiya və İsveçin NATO-ya üzv olmaq istəyi ilə iflasa uğrayır. Əsas məsələ bu ölkələrin Rusiya sərhədlərinə NATO-nun daha da yaxınlaşması deyil, Rusiya xofunun yox olmasıdır. Moskvanın əlində olan hərbi güc faktorunun yox olması onun üçün daha öldürücüdür”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Siyasi analitikin sözlərinə görə, Rusiya bu günə kimi hərbi güc amili hesabına böyük dövlət imicini saxlayıb:
“Rusiyadan qat-qat zəif hərbi gücə malik olan ölkələr belə artıq ondan çəkinmir, NATO-ya üzv olmağa can atır. Təbii ki, bunun kökündə Rusiyadan çəkinib bu addımı atmaq cəhdi var, ancaq uzun illər Rusiyanın bu addıma verəcəyi cavab onları belə qərar verməkdən çəkindirirdi. Ukraynada baş verən hadisələrdən sonra demək olar ki, bu ölkələr Rusiyadan çəkinmir. Ən acınacaqlısı isə odur ki, Putin Finlandiya və İsveçin iki qadın rəhbəri qarşısında aciz qalıb.
Rusiya ilk vaxtlar belə addıma hərbi yola cavab verəcəyi ilə hədə gəlsə də, artıq dövlət rəsmilərinin ritorikası dəyişib. Onlar qeyd edir ki, biz gözləyib görəcəyik ki, bu ölkələrin NATO-ya qəbulundan sonra həmin ölkələrdə nüvə silahı, hücum silahları yerləşdirilsə, bir sözlə, bizə təhlükə yaradacaq vəziyyət olsa, onda cavab verəcəyik. Burdan belə anlaşılır ki, Rusiya vəziyyətin ciddiliyini anlayır və ABŞ-Böyük Britaniya dövlət başçılarının qətiyyətli addımları qarşısında geri çəkilməyə məcbur olub. Hesab edirəm ki, bu ölkələr NATO-ya qəbul ediləcək. Bu, Rusiya üçün ən ağır tarix olacaq”.
A. Qasımov hesab edir ki, Rusiyanın dövlət kimi mövcudluğu onu idarə edənlərin əlindədir: “Hansısa ölkənin NATO-ya alınması Rusiya dövləti üçün təhlükə yaratmır. Əgər Rusiya idarəçiləri ətrafına təhlükə yaratmasalar, heç kimin onlara təhlükə yaratmaq fikri yoxdur. Rus xalqı və idarəçiləri bunu dərk edən vaxt onlar üçün hər şey tamam başqa olacaq”.
//Gülnarə Abasova, Editor.az

