“Macarıstanın Baş naziri Viktor Orbanın Ukrayna və Rusiya arasında müharibənin dayanması istiqamətindəki sülh təşəbbüsləri təqdirəlayiq bir addımdır. V. Orban həm öz siyasi cəsarəti, həm də prinsipiallığı ilə bütün dünyanın diqqət mərkəzində oldu. Qədər Moskva və Kiyevə səfərləri zamanı tərəflərin mövqelərini öyrənərək onları uzlaşdırmaq, konstruktiv məcraya qaytarmaq üçün əlindən gələni etdi”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq İlyas Hüseynov Moskva-Kiyev arasında Budapeştin vasitəçiliyini dəyərləndirərkən deyib.

Politoloq bildirib ki, hazırda görünən odur ki, Ukrayna və Rusiya döyüşməkdə, bunun üçün əlavə resurslar cəlb etməkdə maraqlıdırlar:
“Onlar hesab edir ki, bütün məsələləri döyüş meydanında həll edəcəklər. Bu, çox neqativ və sülhə əks olan bir ssenaridir. Ancaq tərəflərin seçimi belədir. Macarıstandan öncə biz qardaş Türkiyənin də tərəflər arasında vasitəçiliyini müşahidə etdik. Esirlər və saxlanılan şəxslərin dəyişdirilməsi, Taxıl Dəhlizi, nümayəndə heyətlərinin görüşü, xarici işlər nazirləri arasında görüşün təşkil olunmasında Ankara böyük uğur əldə etdi. Ardınca Çinin də müəyyən zaman kəsiyində sülh istiqamətində çağırışlarının şahidi oluruq. Macarıstan tərəfi də sülhdə maraqlı olduğunu bəyan etdi. Lakin görünən odur ki, bütün bu vasitəçilik təşəbbüslər nəticə vermir və müharibənin müddəti getdikcə uzanır. Tərəflərin danışıqlar masasına qaytarılmasına ciddi ehtiyac var. Diplomatik təmaslar baş tutarsa, o zaman müharibə prosesini aradan götürmək mümkün olar. Lakin ultimatum xarakterli tələblər buna mane olur. Tələblərin kəskinliyi diplomatik səylərin boşa çıxmasına səbəb olur. Yenidən eskalasiya və gərginlik güclənir”.
//Gülnarə Abasova, Editor.az

