BMT-nin baş katibi Antonio Quterreş Rusiya və Ukraynaya səfər etməzdən əvvəl Türkiyəyə gedəcək.
Bu barədə Editor.az “Reuters”ə istinadən xəbər verir. Quterreşin Ankaraya səfərinin aprelin 25-də baş tutacağını bildirilir. Səfər zamanı BMT rəhbəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək. Proseslərin bu yöndə inkişafı heç şübhəsiz ki, rəsmi Ankaranın Rusiya-Ukrayna müharibəsində tutduğu dəqiq və doğru mövqeyi ilə bağlıdır. Baş katibin Moskva və Kiyevə Ankaradan keçərək getməsi də müharibənin dayandırılması məsələsində Ərdoğanın timsalında Türkiyənin getdikcə artan siyasi nüfuzuna dəlalət edir.
26 apreldə Quterreş Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşmək üçün Moskvaya, aprelin 28-də isə prezident Vladimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə danışıqlar aparmaq üçün Ukraynaya gedəcək. Səfər zamanı ilk növbədə humanitar məsələlərin müzakirə olunacağı gözlənilir. Ukrayna Prezidenti Vladimir Zelenski hesab edir ki, BMT baş katibi Antonio Quterreş əvvəlcə ukraynalıların öldürüldüyü yerlərə baş çəkməli, sonra isə Moskvaya getməli idi.

