“Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət kommunikasiyanın bərpası üzrə üçtərəfli işçi qrupunun görüşü keçirilib. Bu, may ayında sərhəddə başlanan qarşıdurmadan sonra keçirilən ilk görüşdür”.
Editor.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

O, bildirib ki, İrəvan dövlət sərhədinin bərpasına etiraz edərək, işçi qrupunun fəaliyyətini birtərəfli dayandırmış və “sərhəd məsələsi həll olunmadan, bərpa etməyəcəyini” demişdi. Seçkidən sonra işçi qrupunun bərpa edilməsi ilə bağlı müəyyən mesajlar verildi, nəhayət, avqustun 12-də Paşinyan razı olduqlarını açıqladı:
“Üçtərəfli razılaşmalarda kommunikasiyanın bərpası Moskva üçün xüsusilə prioritetdir, bu baxımdan, ruslar yolların açılması istiqamətdə səylə işləyir. Hərçənd, burada bir vacib detal var: kommunikasiyaların açılması üçün sərhədlərin delimitasiyası lazımdır. İşçi qrupunun fəaliyyətə başlaması sərhədin delimitasiyasının rəsmiləşməsi istiqamətində də proseslərin getdiyi, yaxud, bununla bağlı konkret razılığın olduğu deməkdir. Və İrəvanın “Azərbaycan ordusu tutduğu mövqelərdən geri çəkilməlidir” sözləri ritorikadan başqa bir şey deyil”.
Siyasi analitikin sözlərinə görə, İlham Əliyevin Kəlbəcərə səfərində səsləndirdiyi fikirlər də Bakının dövlət sərhədini tam, yaxud böyük bir qismini bərpa etdiyi, hazırda möhkəmlənmə işinin aparıldığı nəticəsini çıxarmağa imkan verir. Əliyev açıq şəkildə bəyan etdi ki, heç bir geri çəkilmə olmayacaq, sərhəddə söz sahibi Azərbaycandır.
//Gülnarə Abasova, Editor.az

