Moskvadan Xankəndinə MÜƏMMALI “YÜK” – Rusiya Qarabağı zəhərləyirbackend

Moskvadan Xankəndinə MÜƏMMALI “YÜK” – Rusiya Qarabağı zəhərləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva üçün müttəfiq, tərəfdaş, dost-qonşu ölkə anlayışı yoxdur, onun sadəcə maraqları, öz şəxsi mənafeyi var. Rusiya bu fikirləri son iki gündə xüsusilə qüvvətləndirdi. 

Ötən ilin payızından Qarabağda Rusiya sülhməramlı kontingentin müvəqqəti nəzarət zonasında qeyri-qanuni məskunlaşan və bu yaxınlarda özünü “dövlət naziri” elan edən erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanla bağlı mediaya sızan yeni məlumatlara əsasən bildirmək olar ki, Rusiya bölgəni yenidən qan çanağına döndərməklə vəziyyəti öz maraqları çərçivəsində idarə etmək barədə düşünür.

Sülhməramlıların Laçın yolu ilə gizli şəkildə Qarabağdan çıxardığı Ruben Vardanyanın yenidən Xankəndidə peyda olması xeyir əlamətə bənzəmir. Belə görünür ki, bir neçə günlük Moskva turnesinin ardından yenidən aparıldığı kimi də geri qaytarılan Vardanyana Rusiyada izah ediblər ki, sənin başqa seçimin yoxdur.

Zərrə qədər də olsun şübhə doğurmur ki, Moskvanın siyasi layihəsi olan Ruben Vardanyanın yenidən Qarabağda peyda olması və separatizmi təbliğ edən çağırışlarla çıxış etməsi bundan sonra daha da intensiv hal alacaq.

Vardanyan Moskvada olarkən Rusiya xüsusi xidmət orqanlarının və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşüb, həmçinin Kremldə prezident administrasiyasında olub.

Görünür, Moskvaya çağırılan Vardanyana orada başa saldılar ki, geriyə dönüşü olmayan bir yola çıxmısan və sənə tapşırılan missiyaya – Xankəndində növbəti erməni separatizm dalğasına başlamaq və Rusiyanın Ermənistanda daimi mövcudluğuna zəmin yaratmaq üçün regionda qalmaq planından kənara çıxacağın təqdirdə aqibətin Rusiyada “özünü öldürən” milyaderlərin taleyi, canına “qəsd edən” generalların həyat yolu gözləyə bilər.

Böyük ehtimalla ona izah edilib ki, inad edəcəyi, ona verilən tapşırıqdan kənara çıxmağa cəhd edəcəyi halda buna öz və ailəsinin həyatı bahasına cavab verəcək. Bir sözlə, Vardanyana özünü və ailəsini xilas etmək üçün Qarabağda daha böyük təxribatlar törətmək tapşırığı verilib. Yalnız bundan sonra, “qondarma rejimin “dövlət naziri” missiyanı davam etdirməyə razılaşıb və sülhməramlıların avtomobili ilə Xankəndinə qaytarılıb.

Erməni separatçılarının “dövlət naziri” Ruben Vardanyanın Moskvaya çağrılması və məsləhətləşmələrdən sonra onun eyni yolla geri qaytarılması Kremlin Azərbaycana qarşı təxribatçı siyasətini davam etdirməsindən xəbər verən çox önəmli detaldır. Aşkar görünür ki, Moskva Vardanyandan Azərbaycana qarşı istifadə etmək istəyindən əl çəkmək niyyətində deyil.

Lakin Moskvanın Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazisində proseslərə fəal şəkildə müdaxilə etməyə başladığı Bakının diqqətindən yayınmadı.

Vardanyanın Xankəndidə yenidən peyda olmasından sonra Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin dərhal Bakıya səfər edərək ötən gün Prezident İlham Əliyevlə görüşməsi və axşama doğru Putinlə Əliyev arasında telefon danışığı bir çox məqamlara aydınlıq gətirmək adına olduqca önəmli proseslərdir.

Nəzərə alsaq ki, bu telefon danışığı Əliyevin təşəbbüsü ilə baş tutub, bu qənaətə gəlmək olar ki, rəsmi Bakı Vardanyanın Qarabağı tərk etməsində çox israrlıdır. Çünki Bakıda Moskvanın Ruben Vardanyanı yenidən Qarabağa göndərməkdə məqsədinin nə olduğunu çox yaxşı bilirlər. 

Moskva isə Vardanyan kartını əlində saxlamaqda israrlıdır. Separatçıların “dövlət nazirinin” Moskvadan təlimatlar alaraq yenidən Xankəndidə peyda olması əslində Bakı üçün antiterror əməliyyatlarından başqa variant qoymur.

Belə olan təqdirdə əlbəttə ki, Ruben Vardanyanın Qarabağa qaytarılması xəbərinin yayılmasının ardından Azərbaycan və Ermənistan arasında barışıqda Kremlin maraqlı olduğuna olan inam-etimad da Bakı üçün artıq tamamilə zədələnmiş hesab edilə bilər.

Sirr deyil ki, Rusiya Azərbaycan və Ermənistan arasında danışıq platforması kimi Avropanın (Brüsselin) seçilməsini, yumşaq desək, “həzm edə” bilmir. Çünki bunu özünün Cənubi Qafqaz maraqlarına real təhlükə sayır. Ehtiyat edir ki, Bakı və İrəvan Moskvanın iştirakı olmadan həqiqətən günün birində barışıq əldə edər, sülh sazişi imzalayar və nəticə etibarilə bölgədə Rusiyanın hərbi mövcudluğuna lüzum qalmaz. O səbəbə Qərbin (ABŞ və Avropa Birliyinin) moderatorluğunu bütün mümkün vasitələr, təzyiq-şantaj üsulları ilə gözdən salmağa çalışan Rusiyanın regionla bağlı planları tək bununla da yekunlaşmır.

Paradoks orasındadır ki, Moskva özünü hər vəchlə iki ölkə arasında sülh və münasibətlərin normallaşdırılması üçün əsas moderator kimi sıramağa çalışsa da, Kreml Azərbaycan və Ermənistan arasında real sülh sazişinin imzalanmasında maraqlı deyil. Masaya Qərbdən daha məqbul bir anlaşma layihəsi qoymayan Moskva bununla da bir daha nümayiş etdirmiş olur ki, onun üçün sülh-sabitlik regiondakı mövcudluğuna ən böyük təhdiddir.

Belə olan təqdirdə başqa bir sual aktuallığını qoruyur: Rusiya bölgədə növbəti müharibəni istəyir?

Ermənistan bu gün nə qədər Qərbə inteqrasiya yolunu tutmağa çalışsa da heç cürə Rusiyanın əlindən çıxmağı bacarmır. Bu gün istər Ermənistan hakimiyyəti, istərsə də separatçı rejim qalıqları bilavasitə hələ də Rusiyanın tapşırıqları əsasında addımlar atırlar, danışıqlar prosesini manipulyasiya edirlər.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın son açıqlaması bir daha deyilənləri təsdiqləyir. Belə ki, Qriqoryan bildirib ki, İrəvan rəsmi Bakının İrəvana göndərdiyi sülh müqaviləsinin mətni üzərində işləyir. Qriqoryanın sözlərinə, görə tezliklə sülh müqaviləsinin mətni Azərbaycana təqdim ediləcək.

Köhnə hamam, köhnə tas…

Çox güman ki, İrəvan ötən ilin mart ayında olduğu kimi rəsmi Bakının göndərdiyi 5 maddəlik sülh təkliflərinə elə bəndlər əlavə edəcək ki, sülh sazişinin mətnini razılaşdırmaq yenə mümkün olmayacaq, danışıqlar prosesi bu dəfə də dalana dirənəcək. A.Qriroqyanın İrəvanın təkliflərində Qarabağla bağlı maddələrin olduğunu bildirməsi bir daha deməyə əsas verir ki, Ermənistan hakimiyyəti havadarlarının tapşırıqları əsasında heç də Qarabağ kartını kənara qoymaq fikrində deyil. Elə bu “bəndin” əlavə edilməsi düşünməyə kifayət edir ki, sülh danışıqlarının növbəti raundu da uğurlu alınmayacaq.

Xankəndindəki son hadisələr və Ruben Vardanyanın məcburi olaraq Qarabağa qayıtması vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaracağına bir siqnaldır. Amma Azərbaycanlı ekoloji fəallar əsas tələbləri yerinə yetirilənə qədər aksiyaları davam etdirmək əzmindədirlər. Yəni, Vardanyan bölgəni tərk etməyəcəyi təqdirdə Bakının şərtləri daha da ağırlaşa bilər.

Etirazçıların legitim tələblərinin yerinə yetirilmədiyi və Ermənistan tərəfinin bu vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə edərək, məsələni yanlış məcraya yönəltmək istəyi Bakının daha adekvat tədbirlər görməsi üçün zəmin hazırlayır. Çünki Azərbaycan daha nağıllara inanmır, real hekayələr isə Ermənistan üçün daha yaxşı heçnə vəd etmir.

Milli.Az