Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan açıqlamasında bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətnində Dağlıq Qarabağın adı çəkilir, lakin bu sənəd hələ yekun deyil.
“Ermənistan bu mexanizmin baş tutması üçün beynəlxalq tərəfdaşlarla işləməyə davam edir. Bakı indiyədək bu ideyanı rədd edib və bu məsələ ilə bağlı tərəflər arasında hər hansı razılığın olub-olmadığı aydın deyil”.
Maraqlıdır ki, Azərbaycan dəfələrlə istər Rusiya, istərsə də Ermənistana və digər ölkələrə bildirib ki, heç bir sənətdə, danışıqlar prosesində “Dağlıq Qarabağ” ifadəsi istifadə edilməməlidir. Bəs ölkəmiz üçün də olduqca böyük əhəmiyyət kəsb edən sülh sazişinin mətnində bu ifadə niyə işlənir?
Məsələ ilə bağlı Editor.az-a açıqlama verən hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanat imzalanandan bu günə qədər Ermənistanın istəyi sırf vaxt uzatmaqdır:
“Bu da Azərbaycanın təklif etdiyi 5 maddəlik prinsipə əsasən Ermənistanın sülh müqaviləsini imzalamağa hazır olmadığının göstəricisidir. Ona görə də bizim təklif etdiyimiz şərtlərə onlar da düzəliş edirlər. Lakin elə bir müddəalar əlavə olunur ki, ölkəmiz tərəfindən qəbul edilməsi mümkün deyil, xüsusən də Qarabağ mövzusunda… Ermənistan baş naziri Brüssel, Soçi və İrəvanda etdiyi çıxışlarında müxtəlif münasibətlər ortaya qoyur. Sülh sazişini imzalayacaq bir tərəf kimi elə bir güvənilməz hala gəliblər ki, proseslər göstərir ki, tezliklə sülh müqaviləsi imzalanmayacaq. Çünki Ermənistan əgər bunu qəbul etsəydi, bu günə qədər imzalamış olardı”.
Hərbi ekspertin fikrincə, ermənilər bu qənaətdədirlər ki, Azərbaycan sülh müqaviləsinin imzalanmasını iki yolla qəbul edə bilər:
“Birincisi, yumşaq gücün təsiri ilə, ikincisi isə sərt gücün tətbiqi ilə… Bunun qarşılığında isə ermənilər ölkəmiz sərt gücə əl atmasın deyə Aİ-nin mülki missiyasını 2 il müddətində öz ərazilərinə yerləşdirdilər. Hansı ki, buraya Fransa və Almaniyanın jandarma qrupları da cəlb olunur. Bununla da gələcəkdə bu missiyanı hərbiləşdirməyə cəhd edirlər. Bu heyətlərin Ermənistana yerləşdirilməsi onları cəsarətləndirdi. Lakin bu amil Rusiya ilə ciddi konfliktə gətirib çıxartdı. Moskvadan da mesajlar gəlir ki, əgər İrəvan bölgəyə üçüncü qüvvələri yeridəcəksə, Ermənistanın dövlətçiliyi təhlükə altında olacaq. Bu da Rusiyanın mövqeyidir. Ermənistan regionda vəziyyəti sırf gərginləşdirməklə məşğuldur. Siyasi dialoqlar “dalana dirənməklə” krizə səbəb olur. Siyasi dialoqlar sülh sazişi ilə nəticələnmirsə, siyasi kriz hərbi krizə çevrilir. Ermənistan Azərbaycan, Türkiyə, və Çini xüsusilə də Zəngəzur dəhlizinin açılmaması üzrə qarşısına alır. Üç tərəfli bəyanatda imzaladığı şərtlərə əməl etmədiyi üçün Ermənistan cəzalandırılmalıdır”.
//Safura Bənnayeva, Editor.az