Moskvadan yeni xəyanət: Bakı 3 il əvvəl siyahı verdi, dəhşətli hadisə təkrarlandıbackend

Moskvadan yeni xəyanət: Bakı 3 il əvvəl siyahı verdi, dəhşətli hadisə təkrarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Rusiya ötən gün Ukraynaya təxminən 18 raketlə zərbələr endirib. Ukrayna Prezidenti Volodimir Zelenski zərbələr nəticəsində 4 nəfərin həlak olduğunu və Kiyevdəki Azərbaycan səfirliyinin binasının “İsgəndər” raketinin qalıqları nəticəsində zərər gördüyünü açıqlayıb.

Hadisədən dərhal sonra Rusiyanın ölkəmizdəki səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Məsələ ilə bağlı səfirə kəskin etiraz bildirilib və müvafiq nota təqdim olunub. Maraqlıdır ki, bir müddət öncə də Kiyevə hücum zamanı səfirliyimizin binasına zərər dəymişdi. Son zamanlarda bu halın təkrarlanması diqqət çəkir.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, hadisənin fonunda bir məqam diqqət çəkir:

“Azərbaycanın diplomatik binalarının koordinatları Rusiya Müdafiə Nazirliyinə 2022-ci ildə rəsmi şəkildə təqdim edilib və Moskva bu məlumatları nəzərə alacağını öhdəlik kimi bildirib. Mövcud reallıqda Kiyevdəki səfirliyimizə zərbələrin təkrarlanması “texniki səhv” arqumentini zəiflədir. Zərbələr artıq ardıcıl xarakter alıb. Məsələn, bir müddət öncə SOCAR-ın Odessadakı infrastrukturu hədəfə çevrilmişdi. Görünən odur ki, regionda Azərbaycanın varlığı Rusiyanı narahat edir.

Moskvadan yeni xəyanət: Bakı 3 il əvvəl siyahı verdi, dəhşətli hadisə təkrarlandı
Qabil Hüseynli

Moskvanın motivlərini təhlil edərkən, zərbələrin zamanlaması və hədəflərin seçimi xüsusi önəm daşıyır. Səfirliyə yaxın məsafədə baş verən partlayışlar, binaların zədələnməsi Azərbaycana yönəlmiş bir güc nümayişdir. Rusiya mesaj verir ki, regionda hərbi əməliyyatların ritmini özü müəyyənləşdirir və digər aktorların mövqelərini nəzərə almaq niyyətində deyil.

Hadisələrin inkişafı regionda üçtərəfli münasibətlərin hansı istiqamətə dəyişəcəyini müəyyən edəcək. Azərbaycanın növbəti addımı, Rusiyanın verəcəyi izahat və Kiyevlə artan siyasi yaxınlıq artıq yeni bir təhlükəsizlik arxitekturasının formalaşmasına işarə edir. Fikrimcə, bu insident Moskva-Bakı münasibətlərini gərginləşdirəcək”.

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, mərmi iki dəfə eyni yerə düşə bilməz:

“Ancaq nə hikmətdirsə, Rusiyanın Kiyevə raket zərbələri nəticəsində hər dəfə mərmilər Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşür. Bu, il ərzində ikinci oxşar hadisədir. Rusiyanın ötən gecə Kiyevə endirdiyi raket zərbəsi nəticəsində “İskəndər” tipli raketin qəlpələri Azərbaycanın Ukraynadakı səfirliyinin binasına düşüb. Zərbə nəticəsində səfirliyin divarının bir hissəsi çöküb, pəncərələr sınıb, diplomatlarımızın maşınları zərər görüb.

Moskvadan yeni xəyanət: Bakı 3 il əvvəl siyahı verdi, dəhşətli hadisə təkrarlandı
Elxan Şahinoğlu

Kiyevə ötən axşam edilən raket hücumları zamanı mülki insanlar həlak olublar. 2022-ci ildə də Azərbaycanın Kiyevdəki səfirliyi yaxınlığına iki dəfə raket düşmüşdü və nəticədə binanın divarlarında çatlar əmələ gəlmişdi. Səfirlik hər hücumdan sonra raket zərbələrinin nəticələrini aradan qaldırsa da, bu, uzun çəkmir və binanın ətrafına yenidən mərmi düşür. Kiyevdə bir başqa ölkənin səfirliyi Azərbaycan səfirliyi qədər ziyan görməyib. Bunu təsadüf saymaq olmaz”.