Moskvanın Bakı ilə bağlı ilginc planı: Lavrov niyə Hindistanda Mirzoyanla görüşdü?-Ekspertlər ŞƏRH EDİRbackend

Moskvanın Bakı ilə bağlı ilginc planı: Lavrov niyə Hindistanda Mirzoyanla görüşdü?-Ekspertlər ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıya iki günlük səfəri baş tutan Rusiya xarici işlər naziri Sergey Lavrov həmişəki ənənəsindən fərqli olaraq bu dəfə Ermənistana səfər etmədən Hindistana gedib. Hindistan səfəri çərçivəsində isə həm Ermənistan xarici işlər naziri Ararat Mirzoyan, həm də ABŞ dövlət katibi Entoni Blinken ilə görüşü baş tutub.

Məsələni Editor.az-a şərh edən politoloq Tofiq Abbasov qeyd edir ki, Moskvanın Qafqaz siyasətində çox böyük boşluqları var:

“Bu da onunla bağlıdır ki, Rusiya bir tərəfdən Ermənistanı itirmək istəmir, digər tərəfdən isə Azərbaycanın haqlı tələblərinə dair qəti cavablarını verə bilmir. Bu prosesdə qətiyyətli olmaq lazımdır. Moskvanın üzərinə moderatorluq funksiyası düşür. O da gərək prinsipial mövqe tutsun. Azərbaycanla bağlı bir problemləri varsa, o da Rusiyanın proseslərə subyektiv yanaşmasından irəli gəlir. Məsələn Azərbaycan və Rusiya Ekspert Şurasının üçüncü toplantısında rus nümayəndələri daha çox müttəfiqlik münasibətlərindən danışdılar. Xatırladım ki, 2022-ci ilin fevralın 22-də prezidentlər səviyyəsində müttəfiqlik bəyannaməsinə qol çəkildi. Bəs bundan sonra Rusiyanın “status məsələsi gündəlikdə qalsın” təklifini necə qəbul etmək olar? Bunu təsadüf kimi qiymətləndirsək, digər tərəfdən Ruben Vardanyan kartı da ortaya atıldı. Bu da təsadüfdür? Müttəfiqlik bir-birinə etimad deməkdir “.

Politoloqun fikrincə, Rusiya bu oyunlarından birdəfəlik əl çəkməlidir:

“Rəsmi Moskva anlamalıdır ki, Azərbaycan əgər dostluq-qonşuluq, müttəfiqlik edirsə, bu prosesdə heç bir “təsadüf”ə yol verməyəcək. Rusiyanın iki tərəf arasında “gah mıxa, gah da nala vurmaq” siyasəti nə Moskvaya başucalığı gətirəcək, nə də Azərbaycanın gözləntilərini doğruldacaq. Rusiya burada Ermənistanı razı salmaq üçün lazımsız tərzdə jestlər edir, mesajlar ötürür. Amma İrəvanın baxışları Qərbə yönəlib. Burada Rusiya diplomatiyasının böyük kəsrləri özünü əks etdirir. Əgər Moskva Azərbaycanla münasibətlərinin şəffaf olmasını istəyirsə, onda gərək aydın xətt yürütsün “.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov isə Editor.az-a açıqlamasında fevralın 27-28-də Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərindən Ermənistana səfər etmədən birbaşa Hindistana getməsinin diqqət çəkdiyini bildirib:

” Bu son vaxtlar Ermənistan ilə Rusiya arasında baş verən proseslərlə əlaqədardır. Xüsusilə rəsmi İrəvanın hazırkı iqtidarının Avropa yönümlü siyasət yürütməsi və Moskvaya qarşı ittihamlar səsləndirməsi ilə bağlıdır. Bunu təsadüfi hesab etmirəm. Hindistanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşünün baş tutması münasibətlərin normallaşmasından xəbər vermir. Ukrayna müharibəsinə görə bütün dünyanın reaksiyasına səbəb olan Rusiya orada ABŞ dövlət katibi Entoni Blinkenlə də görüş keçirib. Bəzən narahatedici məqamlarda da görüşlər keçirilir. Düşünürəm ki, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşündə Sergey Lavrov həmkarından hesab tələb edib. Çünki Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN arasında nəzərdə tutulan görüş Ararat Mirzoyan tərəfindən pozuldu. O vaxtdan bu yana İrəvan bir sıra addımlar atıb. Məsələn Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında mitinqlərin təşkili, KTMT-nin təlimlərindən imtina edilməsi, Laçın yolundakı aksiyalara görə Rusiyanın Ermənistan tərəfindən ittiham edilməsi və digər bu kimi hadisələr.. Sülh prosesinin reallaşması istiqamətində Ermənistanın Fransa ilə birləşərək maneə yaratması Rusiyanın da narahatlığına səbəb olur. Avropa İttifaqının mülkü missiyası adı altında Fransa jandarmalarının regiona yerləşdirilməsi əslində ölkəmizdən daha çox Moskvaya qarşı atılmış addımdır. Bu gün Rusiya ilə Ermənistan arasında çox ciddi qarşıdurma mövcuddur. Bu hələ ki siyasi və diplomatik mərhələdədir. İrəliyə getməsinin də şahidi ola bilərik”.

//Safura Bənnayeva, Editor.az