Moskva Pekinin “daimi kiçik tərəfdaşı” olsa, ABŞ üçün problem yaradacaq və iki nüvə dövlətini Vaşinqtona qarşı qoyacaq.
Editor.az bildirir ki, bunu dövlət katibi Marko Rubio fevralın 25-də “Breitbart News”a müsahibəsində deyib. O bildirib ki, ABŞ-ın nə vaxtsa Rusiya-Çin münasibətlərini tamamilə kəsə biləcəyini deyə bilməz. “Mən düşünmürəm ki, Çin və Rusiyanın bir-birinin boynuna asılması qlobal sabitlik üçün faydalıdır, çünki onların hər ikisi nüvə dövlətidir”, – deyə siyasətçi qeyd edib.
Rubio xəbərdarlıq edib ki, Birləşmiş Ştatlar elə bir vəziyyətə düşə bilər ki, Rusiya Çindən tamamilə asılı vəziyyətdə olduğuna görə, ABŞ-la münasibətlərini yaxşılaşdıra bilməyəcək. “Bizim üçün ən yaxşı nəticə münasibət qurmaqdır” – Rubio deyib.
Rubio ABŞ-Çin münasibətlərini “21-ci əsrin böyük hekayəsi” kimi xarakterizə edib və Vaşinqtonun həm Pekin, həm də Moskva ilə fikir ayrılıqları və qarşıdurmaların olacağını bildirib. Lakin hər ikisi ilə münasibətləri saxlamağın vacibliyini vurğulayıb. “Bunlar nüvə silahına malik böyük, güclü ölkələrdir. Onlar güclərini bütün dünyaya proyeksiya edə bilərlər”, – Rubio bildirib.
//Samir Qurbanov, Editor.az