Regionda geosiyasi balansın həssas mərhələyə daxil olduğu bir zamanda Rusiyanın müxtəlif istiqamətlərdən verdiyi mesajlar diqqətdən yayınmır. Ukrayna cəbhəsindəki gərginlik Moskvanın resurslarını tükəndirərkən, Kremlin Cənubi Qafqazla bağlı ritorikada yenidən aktivlik nümayiş etdirməsi bəzi proseslərin anonsu kimi dəyərləndirilir. Rusiya rəsmilərinin son açıqlamaları həm 2020-ci il üçtərəfli bəyanatına, həm də regiondakı yeni situasiyaya yönəlik siyasi mövqelərinin yenidən səsləndirilməsi təsiri bağışlayır.
Mövcud vəziyyəti Editor.az-a şərh edən politoloq Azər Qasımov bildirir ki, Moskvanın bu açıqlamalarının arxasında Cənubi Qafqazda itirdiyi təsir imkanlarını bərpa etmək niyyəti dayanır.
Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Rusiyanın Ukrayna müharibəsində dərin şəkildə çətinliklərlə üzləşməsi, onun postsovet məkanında paralel şəkildə təsir göstərmək imkanlarını xeyli məhdudlaşdırıb:
“Bu vəziyyət hələ də davam edir. Zaxarovanın son bəyanatı isə, əslində, Moskvanın regiona münasibətdə iddialarını yadda saxlatmaq cəhdidir. Onun 9 noyabr 2020-ci il bəyanatını xatırlatması da bu kontekstdən doğur. Beynəlxalq praktikada hər hansı anlaşmanın müddəti yeni sənəd imzalanana qədərdir. 9 noyabr bəyanatının 9-cu bəndində Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında maneəsiz keçid nəzərdə tutulurdu və həmin yolun Rusiya FTB-nin nəzarətində olması qeyd olunurdu. Lakin 8 avqust Vaşinqton Bəyannaməsi ilə vəziyyət dəyişdi. Artıq bu məsələ ABŞ tərəfindən yaradılacaq xüsusi şirkətin nəzarətində həyata keçiriləcək və “TRİPP layihəsi” kimi tanınacaq”.
Onun sözlərinə görə, 9 noyabr bəyanatının hüquqi qüvvəsi də faktiki olaraq aradan qalxıb:
“Çünki sənədin 4-cü bəndinə əsasən, müddətinin uzadılması üçün tərəflər, Azərbaycan və Ermənistan vaxtında müraciət etməli idilər. Bu baş vermədiyi üçün sənəd qüvvədən düşmüş sayılır. Moskvanın bu mövzunu gündəmə gətirməsi yalnız siyasi təzyiq yaratmaq məqsədi daşıyır. Rusiya Zaxarovanın dili ilə sadəcə “suyu bulandırmaq” istəyir. Lakin Ukrayna cəbhəsində vəziyyət Rusiyanın xeyrinə dəyişərsə və Trampın təklif etdiyi şərtlərlə Kiyev kapitulyasiya olunmağa məcbur edilərsə, o zaman Moskvanın Cənubi Qafqazda destruktiv fəaliyyətə girişməsi ehtimalı artacaq”.
Politoloqun fikrincə, Azərbaycanın Ermənistanla sülh prosesində irəliyə doğru atdığı addımlar bu cəhdlərin qarşısını almaq gücünə malikdir: “Azərbaycanın diplomatik fəallığı və strateji tərəfdaşlıq münasibətləri, xüsusən də Türkiyənin rolu burada həlledici olacaq. Bununla yanaşı, Tramp administrasiyasının da Bakıya müəyyən dəstək vermək imkanları yaranacaq”.
//Gülnarə Abasova, Editor.az

