“MTN işi”ndə adı keçən şəxsə milyonluq tenderlər – Astara və Masallıda yolları kim təmir edir?backend

“MTN işi”ndə adı keçən şəxsə milyonluq tenderlər Astara və Masallıda yolları kim təmir edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astara rayonunda yolların əsaslı təmirilə bağlı tenderin qalibi “Birlik-3A” MMC olub.

Astara Rayon İcra Hakimiyyəti (RİH) sözügedən şirkətə 532.614 AZN ödəyəcək.

Eyni şirkət ötən il də təmir adıyla Astara RİH-dən 542.615 manatlıq tender alıb. Bu şirkət eyni vaxtda Masallı Rayon İcra Hakimiyyətinin də 3 tenderini udub. Belə ki, cari ilin may ayında “Birlik-3A” MMC Masallı RİH-dən şəhərdaxili yolların təmirinə görə 746.201 manat, ötən il isə abadlıq və təmir işlərinə görə üst-üstə 1.5 milyon manatlıq tenderlər alıb. Deməli, şirkət bu iki rayon üzrə eyni vaxtda 5 tender qazanaraq, 3.3 milyon manata yaxın dəyəri olan iş əldə edib.

Azərbaycanda tenderlərin əsasən hansı “prinsiplər” əsasında keçirildiyi isə heç kimə sirr deyil.

Qeyd edək ki, nizamnamə kapitalı 50 manat və rəsmi təsisçisi Abıyev Zaur Niyaz oğlu olan bu MMC-nin adı daha əvvəl mətbuatda taxta evlərin hazırlanması sahəsində ixtisaslaşmış şirkət olaraq keçib.

Zaur Abıyevin qanuni təmsilçi olduğu başqa bir şirkət – “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti də 11.10.2019-cu il tarixində Astara Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi olub. 259 min 189 manat dəyərində olan bu tender də Astara rayonu ərazisində yolların əsaslı təmiri məqsədilə keçirilib. Bundan başqa hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi ev 11/35, mənzil 57 olan “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinin 22.11.2019-cu il tarixində Astara Rayon İcra Hakimiyyətindən 2 milyon 233 min manatlıq daha bir tender udduğu məlumdur.

Lakin sözügedən şirkətlərlə bağlı diqqət cəlb edən daha bir məqam var. Belə ki, bu şirkətlərin sahibinin adı məşhur “MTN işi”ndə həbs edilmiş vəzifəli şəxslərin əməllərindən zərər çəkmiş vətəndaşların siyahısında yer alıb. Zaur Abıyevin zərərçəkmiş şəxs kimi məhkəməyə verdiyi ifadə də mətbuatda yayımlanıb. O, həmin ifadədə bildirib ki, 2013-cü ilin dekabr ayının 19-da digər zərərçəkmiş Elton Cəfərli ilə birlikdə “Texnikabank”ın “Proqress” filialından 620 min manat pul götürüb çıxarkən MTN əməkdaşları tərəfindən saxlanılıblar. Zaur Abıyevin sözlərinə görə, onları pul torbası ilə birlikdə MTN-ə aparıblar və bir müddət saxladıqdan sonra sərbəst buraxıblar. Zərərçəkmiş sərbəst buraxılarkən pulun üstündən 200 min manatın əskik olduğu aydın olub. Həmin vəsaitinsə tender pulları olub-olmadığı barədə bir şey deyilmir…

“AzPolitika.info”