“Müəllimliyim də, analitik fəaliyyətim də məhz media ilə bağlıdır”-Kənan Novruzovla MÜSAHİBƏbackend

“Müəllimliyim də, analitik fəaliyyətim də məhz media ilə bağlıdır”-Kənan Novruzovla MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, siyasi şərhçi Kənan Novruzov ilə müsahibəsini təqdim edir:

-Kənan bəy, hazırda ölkəmizdəki universitetlərdə dərs deyən müəllimlər içərisində ən gənc kadrlardan birisiniz. Əvvəlcə istərdik oxucularımıza özünüz barədə məlumat verərdiniz.

— Uşaqlıqdan jurnalistikaya həvəsim və böyük marağım var. Bunun bir səbəbi şəxsi keyfiyyətlərimdirsə, digərləri babalarının hər ikisinin yazı – pozu adamı olmasıdır. Onlardan biri, mərhum alim Ramiz Novruzov uzun illər ali məktəbdə Azərbaycan dili və ədəbiyyatdan dərs deyib. Digər babam, Oqtay Bayramov isə Əməkdar jurnalistdir. Yarım əsrdir ki, mətbuatdadır. Mən onların yanında, onların söhbətləri ilə böyümüşəm. Həmişə hər ikisinin yolunu davam etdirmək barədə düşünmüşəm. Şükür ki, buna nail olmuşam. Hazırda “Report” İnformasiya Agentliyinin əməkdaşı olmaqla yanaşı, həm də təhsil aldığım BDU- nun Jurnalistika fakültəsinin müəllimiyəm. Jurnalistika fakültəsi mənim üçün çox doğma yerdir. Çox yaxşı müəllimlərim olub. Onların bir çoxu hətta indi də mənim üçün mayak rolunu oynayırlar. Mən də müəllimlərimə layiq olmaq, onların mənə öyrətdiklərini növbəti nəsil jurnalistlərlə bölüşmək istəyirəm.

-Siz, həm jurnalist, həm də müəllim kimi fəaliyyət göstərirsiniz. Eyni zamanda mətbuatda tez-tez siyasi mövzularla bağlı təhlilləriniz də verilir. Bəs siz hansı sahəni özünüzə daha yaxın hiss edirsiniz?

– Jurnalistikanı özümə daha doğma hesab edirəm. Çünki müəllimliyim də, analitik kimi fəaliyyət göstərməyim də məhz media ilə bağlıdır. Jurnalistika fakültəsində təhsil almasa idim və mətbuatda çalışmasaydım, bəlkə də, bunlardan heç biri olmazdı.

– Maraqlıdır, müəllimlik fəaliyyəti dövründə daha çox hansı çətinliklərlə üzləşirsiniz?

– Düzü, xüsusi bir çətinlik olmayıb. Çünki işimi sevirəm. Sevgi isə məşhur fransız yazıçısı Mark Levinin dediyi kimi, hər şeyin yaxşı sonlanması üçün mübarizə aparmışdır. Əlbəttə, dərs demək asan deyil. Eyni zamanda onlarca gənc tanıyırsan və onların hər birini tanımağa, belə demək mümkünsə, hər birinin “damarını tutmağa” çalışırsan. Söylədiyimiz kimi, bu, asan deyil, amma mümkündür.

– İstər dərs müddətində istərsə də tələbələrlə münasibətdə yaş fərqinin çox az olması hansı müsbət imkanları yaradır?

– Fikrimcə, onları daha yaxşı başa düşə bilirəm. Maraqlarından, zövqlərindən xəbərdaram. Bu, dərs prosesində mənə kömək olur. Bəzən zarafat edirəm, görürəm ki, xoşlarına gəlir, gülürlər. Bu mənada müəllim həm də tələbələrinin nəyə necə reaksiya verəcəyini bilməlidir. Eyni zamanda gənc olmağım tələbələrim üçün də üstünlükdür. Düşünürəm ki, onlar da daha rahat olurlar, sözlərini daha asanlıqla deyə bilirlər. Hərçənd əlimdən gəldiyi qədər çalışıram ki, münasibətdən sui- istifadə edilməsin.

-Pedaqoji fəaliyyətinizdə hansı maraqlı situasiyalarla qarşı-qarşıya gəlmisiniz?

– Dördüncü kurslara son dərsim idi. Fakültəyə qalxanda gördüm ki, auditoriyaya çay, tort aparırlar. Vəziyyətin nə yerdə olduğunu anladım. Başqa bir işimi həll etmək üçün fakültədən çıxmaq istəyəndə onların səsini eşitdim: “Müəllim, siz də gəlin”. Çay, tort təklif etdilər. Birlikdə oyun oynadıq. Onda tələbələrimin mənə olan münasibətini gördüm. Onların xatirəsində yaxşı müəllim kimi qaldığıma görə sevindim. Yeri gəlmişkən, həmin anlarda xarakterim eribari ilə az danışmağa çalışırdım. Tələbələrdən biri dedi ki, Kənan müəllimim az danışması sizi təəccübləndirməsin, o, həmişə belədir. Tələbələrimin müşahidə və analiz qabiliyyəti məni sevindirdi. Çünki bu ikisi jurnalistə ən çox lazım olan keyfiyyətlərdir. Həm də mətbuatda işləyən bəzi tələbələrimlə tədbirlərdə həmkar kimi qarşılaşırıq. Çox sevinirəm. Əgər onlara zərrə qədər olsa belə, töhfə verə bilmişəmsə, xoşbəxtəm.

– Tələbəlik həyatından yenicə ayrılmış gənc müəllim kimi, fəaliyyətinizdə hansı yenilikləri etməyi düşünürsünüz? Təhsil sistemində hansı dəyişikliklərin olmasını vacib hesab edirsiniz?

– Dərs prosesi, şübhəsiz ki, daha interaktiv olmalıdır. Fikrimcə, bütün ixtisaslarda, xüsusilə də jurnalistikada nəzəriyyə və təcrübənin vəhdətdə inkişafı üçün şərait yaradılmalıdır. Mükəmməl jurnalist odur ki, həm nəzəriyyəsi olsun, həm də praktikası. Qeyri- ixtisas fənlərinin dərs yükü qismən azaldıla bilər. Hərçənd onların tamamilə ləğvinin də tərəfdarı deyiləm. İnformatika, məntiq, politologiya, fəlsəfə, ingilis dili…jurnalistlərə lazımdır. Amma dərsə yanaşma dəyişilməli, həmin fənlər başqa formada tədris olunmalıdır.

-Maraqlıdır ki, dərs müddətində hansı pedaqoji metodlardan istifadə edirsiniz?

– Dərslərimin interaktiv qaydada keçilməsinə çalışıram. Hətta ən passiv tələbənin belə, dərsdə iştirak etməsinə, mümkün qədər fəallıq göstərməsinə səy göstərirəm. Ən vacibi isə adətən tələbələrə birbaşa irad tutmur, onlara iradımı göz kontaktı ilə bildirməyə çalışıram. Bunu tələbələr də rəğbətlə qarşılayır.

//Safura Bənnayeva, Editor.az