“Orta əsrlərdə din dövlətin əsas silahı idi. Yəni, din öz hədəf və istəklərini açıq şəkildə ortaya qoyurdu. Ancaq müasir dövrdə din ikinci plandadır. Əvvəllər din özü diktə edirdisə, indi din əldə oyuncağa çevrilərək müxtəlif məqsədlər üçün istifadə edilir”.
Bu fikirləri Editor.az-a açıqlamasında “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib.
Siyasi analitik bildirib ki, bir çox dövlətlər dindən alət olaraq istifadə edirlər:
“Məsələn, İslam dininin avropalılara nə ziyanı var? Əgər onlar xristian və ya iudaizm inanclarında daha imanlıdırlarsa, o halda İslam dinindən narahat olub ehtiyat etməzlər. Deməli, bu tip məsələlər dövlətin ayrı-ayrı qurumları tərəfindən qıcıqlandırıcı faktor kimi istifadə edilir, və ya dövlətin strateji hədəflərini həyata keçirtmək üçün müxtəlif formalarda istifadə olunur. Avropada isə bu məqsədlərdə demokratiya adından istifadə olunur. Guya ki insan azaddır və istədiyi vaxt Qurani Kərimi yandıra bilər. Ancaq azadlıq başqasının heysiyyatına toxunmaq demək deyil. İsveç də daxil olmaqla, Avropanın ayrı-ayrı ölkələrində İslam dininə etiqad edən insanlar çoxdur. Onların heysiyyatına toxunmaq demokratik prinsiplərə uyğun deyil. Bu halda demokratiya pozulur. Avropada islamofobiya artıq tendesiya halını alıb. Bununla ölkələrdə bir sıra qruplar öz faşist xislətini ortaya qoyur, yaxud dövlət marağından çıxış etmək adıyla ölkədə başqa dinlərə qarşı guya mübarizəyə başlayır. Bu gün daha çox ABŞ-da, Hindistanda, Myanmada, Mərkəzi Afrika Respublikasında, Avropa ölkələrində, o cümlədən, İsveçdə, Fransada ksenofobiya və islamofobiya halları artıb.Qərb ölkələrində antislam hadisələrinə qarşı dövlət səviyyəsində mübarizə aparılsa da, ksenofobiyanın qarşısını almaq hələ də mümkün olmayıb. Mərkəzi Afrika Respublikalarında (MAR), Hindistanda, Myanmada isə islamofoboya siyasəti, təəssüf ki, dövlət səviyyəsində aparılır. Qərbin orta əsrlərdə və müasir dövrdə apardığı siyasət nəticəsində müsəlmanların bu qitəyə miqrasiyasının qarşısını alınması məqsədi ilə bəzi faşistyönlü hərəkatlar da yaradılır. Bunu indiki halda məşhur sivilizasiyaların toqquşması tezisi ilə uyğunlaşdırmaq olar. Heç şübhəsiz bir sıra cəmiyyətlərdə dövlətin marağının əksi olaraq müəyyən qrup insanlar var ki, yaranmış şəraitdən azadlıqlarından istifadə edərək dini məsələlərə aqressiv yanaşırlar. Hesab edirlər ki, müsəlmanların Avropa ölkəsinə gəlməsi yerli əhalinin dininin, mədəniyyətinin sıxışdırılmasıdır. Yaxud onlar müsəlmanların ölkədə işləməsini, fəaliyyətini qəbul etmirlər, müxtəlif şəkildə etirazlarını bildirirlər. Bu, 30-cu illərin Almaniyasında yəhudilərə qarşı mübarizəyə oxşayır.Bu isə Avropa üçün təhlükə yaradacaq. Çünki Avropanın iqtisadi-ticari əlaqələri saxladığı müsəlman ölkələri perspektivdə bu amilləri də nəzərdən qaçırmayacaq. Hesab edirəm ki, bu amil Avropanın iqtisadiyyatına mənfi təsir göstərə bilər. Ancaq prosesin dövlət səviyyəsində həyata keçirildiyi görülmür. Əksinə dövlət səviyyəsində bu hadisələr ciddi tənqid edilir”.
//Gülnarə Abasova, Editor.az

