“Azərbaycan beynəlxalq təşəbbüslərə könüllü qoşulan məsuliyyətli ölkədir. Bu baxımdan ölkəmiz COP29 beynəlxalq konfransının keçirilməsi ilə bağlı hazırlıq məsələlərinə çox ciddi yanaşıb və artıq tədbirə az vaxt qalmasına baxmayaraq Bakı hazır vəziyyətə gəlib. Amma təəssüf ki, müstəqil siyasətimizi həzm edə bilməyən və işimizə kölgə salmağa çalışan ölkələr var”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, Qərbdə yerləşən bəzi ölkələr COP29 tədbirin başlanmasına zamanın azalmasından istifadə edərək Azərbaycana siyasi təzyiqi artırmaqla özlərinin iradəsini qəbul etdirməyə çalışırlar:
“Belə ki, həm birbaşa özləri, həm də himayə etdikləri QHT-ləri bu işdə fəallaşdırıb ölkəmizə qarşı qarayaxma kampaniyasını genişləndiriblər. Biz belə qarayaxma kampaniyalarla ölkəmizdə keçirilmiş bir çox beynəlxalq tədbirlər ərəfəsində də qarşılaşmışdıq. Amma ölkəmiz müstəqil siyasət yürüdür və heç bir dairə bizimlə təzyiq dili ilə danışaraq mövqeyimizi dəyişdirə bilməz. COP29-un keçirilməsinə 20 gün qalıb. Bu müddət azaldıqca dost olmayan dairələrin təzyiqlərinin də artacağı gözləniləndir. Amma biz heç nəyə əhəmiyyət vermədən öhdəmizə götürdüyümüz beynəlxalq tədbiri çox yüksək səviyyədə keçirəcəyik. Təbii ki, konfransda qlobal əhəmiyyətli qərarlar qəbul olunacaq. Hesab edirəm ki, qəbul olunacaq qərarlar dünyada iqlim dəyişikliklərə qarşı mübarizədə əhəmiyyətli rol oynamaqla ölkələr arasında yeni körpülər yaradacaq. Qlobal həmrəylik və birlik olduğu təqdirdə bədxahlar heç nəyə nail ola bilməzlər və tədbirlər də nəticəyönümlü olar”.
//Gülnarə Abasova, Editor.az

