Müəllim və tələbələr hədəfdə: “WhatsApp” da “fişinq” kampaniyalar… – XƏBƏRDARLIQ !backend

Müəllim və tələbələr hədəfdə: “WhatsApp” da “fişinq” kampaniyalar… – XƏBƏRDARLIQ !

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti “WhatsApp” üzərindən həyata keçirilən daha bir “fişinq” kampaniyasını qeydə alıb.
Qurumdan “Sherg.az”a verilən məlumata görə, kiberdələduzlar tərəfindən həyata keçirilən növbəti “fişinq” kampaniyasının hədəfi müəllim və tələbələrdir. Belə ki, “WhatsApp” üzərindən “Pulsuz laptop dəstəyi 2020” başlığı ilə göndərilən “spam” mesajlarda guya kompüter şirkətləri tərəfindən müəllim və tələbələrə pulsuz noutbukların təqdim edildiyi bildirilir.
Pulsuz noutbuk əldə etmək üçün istifadəçidən keçidə daxil olaraq ad, soyad və mobil nömrəsini daxil etməklə noutbuk markasını seçməsi istənilir.
Növbəti mərhələdə isə istifadəçidən bu mesajı nömrə siyahısında olan 20 “WhatsApp” istifadəçisinə və ya 5 qrupa göndərməsi tələb olunur.
Son mərhələdə istifadəçidən tətbiqi yükləməsi və 24 saat ərzində adminin cavabını gözləməsi istənilir.
Kiberdələduzların məqsədi saxta reklam baxışları toplamaqla “asan” yolla gəlir əldə etmək, istifadəçiləri üçüncü tərəf tətbiqləri yükləməyə vadar etmək və fərdi məlumatları ələ keçirməkdir.
Bu cür kiberhücumlardan qorunmanın ilk üsulu alınan hər mesaja şübhə ilə yanaşmaq, cəlbedici vədlərə aldanaraq ani hərəkət etməmək və məlumatın düzgünlüyünü fərqli əlaqə vasitələrindən istifadə etməklə yoxlamaqdır.
Bu cür mesajlar alan istifadəçilərdən xahiş olunur ki, onlara cavab verməsinlər, digər şəxslərlə paylaşmasınlar və ”Report spam(Şikayət et)” seçimini etməklə mesajı ”spam” olaraq şikayət etsinlər.
Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.