Müəllimlər daha diqqətli olmalıdır: “İndiki uşaqların psixologiyası tamamilə fərqlidir, şiddət həll yolu deyil”backend

Müəllimlər daha diqqətli olmalıdır: “İndiki uşaqların psixologiyası tamamilə fərqlidir, şiddət həll yolu deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Gəncə şəhər 34 nömrəli məktəbdə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası əsasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində sözügedən təhsil müəssisəsinin ingilis dili müəllimi Cavid Rzayevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Gəncə şəhərində yerləşən Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdə müəllimin 5-ci sinif şagirdini döyməsi ilə bağlı mediada xəbərlər yayılmışdı.

Bu tip hadisələrdə bəzən şagirdin də müəllimə qarşı qeyri- etik davranışlarının, təhqirlərinin şahidi oluruq. Bəs bu halda müəllim nə etməlidir?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Editor.az-a açıqlama verib. Millət vəkili vurğulayıb ki, müəllimlər hər bir hadisədə müasir dövrün uşaqlarının psixologiyasını nəzərə almalıdır:

“İndiki uşaqların psixologiyası tamamilə fərqlidir. Heç bir halda uşaqları döymək, onlara hədə-qorxu gəlmək tərbiyə işində effektiv olmayacaq. Çünki bu hallar özünü açıq-aşkar göstərir. Ona görə də müəllimlər daha diqqətli olmalı, uşaqlarla davranışda şiddətə yol verməməlidir”.

C.Məmmədov qeyd edib ki, Gəncədə baş verən sözügedən hadisə ilə bağlı ciddi araşdırma aparılmalıdır:

“Ancaq heç bir halda müəllimin uşağı döyməsinə bəraət qazandırmaq olmaz. Müəllim bir yetkin kimi uşağın səviyyəsinə enməməlidir. Belə məsələlərdə daha diqqətli və həssas olmalıdır. Məsələ həm geniş, həm də fərdi qaydada araşdırılmalıdır. Əgər həqiqətən müəllimin əməlində cinayət tərkibi varsa, o artıq hüquq-mühafizə orqanları tərəfindən cəzalandırılmalıdır.

Müəllim şagirdin qeyri-etik hərəkətləri zamanı ilk növbədə məktəb rəhbərliyinə, valideynə məlumat verməlidir. Bir neçə dəfə təkrarlandıqda isə şagird cəzalandırılmalıdır, şiddət həll yolu deyil”.

//Gülnarə Abasova, Editor.az