” Cəmiyyətimizdə Azərbaycan Yazıçılar Birliyinin qurultayına bu qədər diqqətin olması Azərbaycanda kitaba olan maraqla bağlıdır. Bu, insanların ədəbiyyata olan həvəsinin göstəricisidir”.
Bu fikirləri Editor.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yeganə Hacıyeva bildirib.
Onun sözlərinə görə, hər bir jurnalistin informasiya əldə etmək, şərh etmək və tirajlamaq haqqı var:
“Bu haqq informasiyanın əldə olunması ilə bağlı Azərbaycan Konstitusiyası, “Media Haqqında” qanun və digər sənədlərdə öz əksini tapır. Hər bir media nümayəndəsi informasiyaya öz dünya görüşündən kənarda, aid olduğu cəmiyyətin ümumi qəbul edilmiş mədəni qaydaları, etik çərçivələri səviyyəsində yanaşmalıdır. Bu sərhəddi aşmamalıdır. Həmin xüsusiyyət həm jurnalistə, həm də ziyalılara, bir sözlə hər kəsə aiddir”.
Yeganə Hacıyeva qeyd edir ki, müəyyən nüfuza malik olan şəxslər cəmiyyətdə tanınmaqlarından və vəzifələrindən istifadə edərək kiməsə ikinci dərəcəli insan kimi yanaşa bilməz:
“Cəmiyyətdə Yazıçılar Birliyindəki seçkilərin bu qədər səs-küylü olması əslində AYB-də cəmiyyətimizin vacib idarə mexanizmlərinin olmasını sübut edir. Köhnə idarəçilik insitutları öz aktuallığını itirməyib. Biz də bunun növbəti dəfə şahidi olduq. Mətbuat Şurasında özü-özlüyündə cəmiyyətimizdə fikir formalaşdırılmasında iştirak edən vacib təsisatların müxalif, iqtidaryönümlü rəhbərləri səviyyəsində təmsilçilik var. Bu insanlar müstəqildir və fikirlərini də azad şəkildə ifadə edirlər. Son olaraq qeyd edim ki, hər bir jurnalistin müəyyən haqları var və bu da qorunmalıdır”.
//Safura Bənnayeva, Editor.az

