Ukrayna ordusunun strategiyasına və silahlanmasına prinsipial olaraq yeni yanaşma müharibənin gedişatını dəyişməyə kömək edəcək.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna qoşunlarının baş komandanı, general Valeri Zalujnı “The Economist”ə müsahibəsində deyib.
Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının gedişatı Ukraynanın beynəlxalq tərəfdaşları tərəfindən fəal müzakirə olunur və onun yavaş görünən tempi tez-tez tənqid olunur. Valeri Zalujnı qeyd edib ki, əməliyyatın beş ayı ərzində Ukrayna Silahlı Qüvvələri cəmi 17 kilometr irəliləyə bilib, baxmayaraq ki, Ukrayna standartındakı ordu sutkada 30 km sürətlə irəliləməli idi.
“Görünən odur ki, iki ilə yaxın müharibədə hər iki tərəfin ordusu xeyli itki verib və hərbi rəhbərlik rusların strategiyasını öyrənməyə, silah və hərbi texnikanın istehsalı və ya təchizatını qurmağa vaxt tapıb. Nəticədə müharibə çıxılmaz vəziyyətə düşüb”-deyə, o, qeyd edib.
Hərbi analitik Dmitri Snegiryovun fikrincə , Ukraynaya vəd edilən F-16-ların sayı da problemdir, çünki bu rəqəm Rusiya Federasiyasında olan döyüş təyyarələrinin sayına qeyri-mütənasibdir. Müqayisə üçün qeyd edək ki, genişmiqyaslı müharibənin əvvəlində Ukrayna Silahlı Qüvvələrində 100 döyüş təyyarəsi, ruslarda isə 1000-1200 ədədə qədər döyüş təyyarəsi var idi.
//Safura Bənnayeva, Editor.az

