“Müharibələrdə hər zaman qeyri-adi gedişlərə üstünlük verən tərəf istər-istəməz taktiki də olsa qazanc əldə edir. Ukraynanın bu “hörümçək” əməliyyatı həqiqətən də özünəməxsus bir unikallığı və bənzərsizliyi ilə diqqət çəkdi. Bu əməliyyat səbəbilə Rusiyanın rastlaşdığı bu itkilər müharibənin gedişatına ciddi təsir edəcək. İndi Moskva çalışacaq ki, bu məsələlərlə bağlı cavab zərbəsi endirsin. Əgər məsələyə geosiyasi aspektdən yanaşsaq demək olar hələ ki top Rusiyanın əlindədir. Onun cavabı zərbəsinin necə olacağı isə ciddi düşündürücü məsələdir”.
Bunu Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, bu proseslərin arxasında yeni geosiyasi konfiqurasiya formalaşacaq:
“Yeni məlumatlara görə, Sumi vilayətində Rusiyanın 50 minlik kontingenti cəmləşdirilib. Hesab edirəm ki, Rusiya cavab olaraq maksimal dərəcədə Ukrayna ərazilərini ələ keçirtməyə çalışacaq. Xüsusilə də əsas məqsəd Ukraynanın suya çıxışının qarşısını almaq olacaq. Əgər rus qoşunları Ukraynanın dünya okeanına çıxışlardan məhdudlaşdıra bilsə, ciddi problemlər yaranacaq. Rusiya artıq bundan sonra heç bir vəchlə atəşkəsə qol çəkməyəcək. Moskva danışıqlarda iştirak edə, sülhdən danışa bilər, ancaq qəti şəkildə sülhə getməyəcək. Yaxın vaxtlarda Rusiya-Ukraynanın səngiməsi yox, daha gərgin fazaya keçid etməsi gözlənilir”.
//Gülnarə Abasova, Editor.az