“Müharibə artıq kuliminasiya nöqtəsinə doğru gedir və ən gərgin mərhələyə qədəm qoyub”.
Bu sözləri Editor.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib.

Siyasi şərhçinin sözlərinə görə, Ukrayna Prezidenti Zelenskinin son müraciətindəki bəzi məqamlar bir çox məsələləri aydın edir:
“Onun “həlledici mərhələyə daxil olmuşuq” fikri prosesin artıq getdikcə genişlənmək olduğunu göstərir. Eyni zamanda ABŞ, Polşa, Litva, Danimarkanın 250 km-lik raketləri, Çexiyanın zərbə helikopterləri, Polşa ordusunun Ukrayna ordusuna xüsusi dəstəyi, NATO gəmilərinin Odessaya yolunun açılması tələbləri bütövlükdə müharibənin digər tərəflərin iştirakı ilə açıq fazaya qədəm qoyduğunu göstərir. Rusiyanın “taktiki nüvə zərbəsi endirə bilərik” fikrinin reallaşma ehtimalı da artır. ABŞ, Rusiya, Çin toqquşa bilməsi ilə bağlı iddiaların başqa birtərəfi də Tayvan üzərində Çin və Amerika gərginliyinin zirvəyə çıxmasıdır. Bunlar yekun olaraq ABŞ-la Rusiyanın toqquşma ehtimalını gündəməyə gətirsə də onların bu məsələdə izlədikləri fikir, mövqe, qazanclar məhz düşünülən formada deyil. ABŞ-la Rusiyanın düşmənçilik səmimiyyətinə də inanmaq olmaz. Çünki Amerika Avropada Rusiyanın istədiyini verir. Bu mənada Ukraynanın cənubunun tamamilə tutulması, Türkiyənin zəiflədilməsi yolunda Rusiyanın Qara dənizdə hegemoniyaya çevrilməsi sanki ABŞ-ın da kartlarına oynamaqdadır. O, həm də Avropada öz müttəfiqləri olan NATO dövlətlərinin NATO içərisində tərəddüdünün də qarşısını almış oldu. Hesab edirəm ki, sanki Çin əleyhinə ABŞ və Rusiya əməkdaşlığı başlayır. Bunun Ukrayna savaşından dərhal sonra şahidi də olacağıq. Ancaq indiki şərtlərlə ABŞ və Rusiya toqquşması istisnadır”.
//Gülnarə Abasova, Editor.az

