“Müharibə hər keçən gün Rusiyanın xeyrinə dəyişir”-ŞƏRHbackend

“Müharibə hər keçən gün Rusiyanın xeyrinə dəyişir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Ukrayna müharibəsində vəziyyətin hər keçən gün Rusiyanın xeyrinə dəyişdiyi müşahidə olunmaqdadır”.

Bu sözləri Editor.az-a Rusiya-Ukrayna müharibəsi ilə bağlı şərh verərkən Rəşad Bayramov deyib.

O bildirib ki, İsrail-Həmas qarşıdurması fonunda Qərbin İsrailə aktiv yardımları Ukraynaya dəstəyi arxa plana keçirib ki, bu da Rusiyanı döyüş meydanında daha əlverişli mövqeyə çıxarıb:

“Məhz bunun nəticəsidir ki, Donetsk istiqamətində Rusiya qoşunlarının “Cənub” qruplaşması aviasiyanın və artilleriyanın köməyi ilə mövqelərini xeyli yaxşılaşdıra və Baxmut yaxınlığındakı Artemovsk qəsəbəsini ələ keçirə bilib. Hazırda da aktiv döyüşlər gedir və təbii olaraq hər iki tərəf də ciddi itkilər verir. Məsələ burasındadır ki, Ukraynada vəziyyətin Rusiyanın xeyrinə dəyişməsinə aparan işartılar daha əvvəl də müşahidə olunurdu. Belə ki, ABŞ və Avropa İttifaqı, eləcə də Aİ-na üzv olan bəzi ölkələr bilərəkdən Ukraynaya silah-sursatın və hərbi texnikaların çatdırılmasında problemlər yaradırlar.

Eyni zamanda, NATO-nun Baş katibi Yens Stoltenberq son bəyanatında NATO-ya üzv olan ölkələrin artıq Ukraynanın tələbatlarını ödəmək gücündə olmadığını bildirib. Bunun ardınca ABŞ Konqresində Ukraynaya növbəti hərbi və maliyyə yardımı ilə bağlı məsələ də qaldırıldı. Yəni Konqresin iclasında ölkənin büdcəsi təsdiqlənsə də Prezidentin Ukraynaya birbaşa silah-sursat və hərbi avadanlıqların ötürülməsi ilə bağlı qərar qəbul etmək səlahiyyəti faktiki olaraq məhdudlaşdırıldı”.

Politoloqun sözlərinə görə, ABŞ başda olmaqla Qərb dairələri artıq Rusiya-Ukrayna müharibəsində öz istədiklərini əldə ediblər:

“Məhz buna görə də həm ABŞ, həm də Avropa ölkələri Ukraynanın davamlı şəkildə silahlandırılmasını ehtiyac görmürlər. Onlar yaxşı başa düşürlər ki, hərbi avadanlıqların təzcihatı dayandırılsa belə, Ukrayna partizan müharibəsi və ya digər şəkildə Rusiyaya qarşı mübarizəni davam etdirəcək. ABŞ və Avropa İttifaqı, o cümlədən Almaniya və Fransanın əsas hədəfi Rusiyanı uzunmüddətli müharibəyə cəlb etməklə Moskva üzərində ağır sanksiyalar tətbiq etmək, İsveç və Finlandiyanı NATO-ya üzv etmək və Baltin dənizi üzərində NATO-nun nəzarətini gücləndirmək idi. Qərb bu hədəflərinə, demək olar ki, nail olub.

Odur ki, indi ABŞ və NATO rəsmilərinin bəyanatları açıq-aşkar onu deməyə əsas verir ki, Ukrayna faktiki olaraq qurban kimi Rusiyanın qarşısına atılıb. Bayden administrasiyasındakı dairələr açıq şəkildə Vaşinqtonun Ukraynada müharibənin dayanmasında və Kievin Moskva ilə bir masa arxasında oturmasında maraqlı olduğunu bəyan edirlər. Ola bilsin ki, ABŞ, hətta Qərbi Avropa ölkələri bu məsələdə Ukrayna üzərində təzyiqləri artıracaqlar.
Rusiyanın bu müharibədən qalib çıxacağı təqdirdə isə bir çox prosseslərin olacağı şübhəsizdir. İlk növbədə Avropanın özündə ciddi parçalanma yaranacaq. Avropada hesab edirlər ki, bu ölkələr bir çətir altında birləşib və ən əsası da onların təhlükəsizliyinə ABŞ və NATO daim zəmanət verəcək. Ancaq Ukraynanın bu müharibədə məğlub olması Avropa ictimaiyyətində bu fikirləri fiaskoya uğradacaq. Onlar sabitliyin və təhlükəsizliyin təhlükə altında qalacağından qorxuya düşəcəklər.

İkincisi, Rusiyanın Ukraynanı məğlub etməsi Moskvanın Qara dənizdə mövqeyini daha da möhkəmləndirəcək. Ən nəhayət Rusiya postsovet ölkələrini daha çox təhdid etməyə meyilli olacaq. Yəni Rusiyanın bu müharibədə öz istəyinə tam olaraq nail olması çox mənfi proseslərə gətirib çıxaracaq”.

//Səbinə Hüseynli, Editor.az