Müharibə necə başa çatacaq?- YEGANƏ TƏLƏBbackend

Müharibə necə başa çatacaq?- YEGANƏ TƏLƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Putinin göstərişi ilə fevralın 24-ü səhər saatlarında başlayan müharibə hələ də davam edir.  Ukrayna prezidenti Zelenski aylardır, davam edən müharibənin hansı şəraitdə bitəcəyini açıqlayıb.

Editor.az xarici mediaya əsasən məlumat verir ki, müharibənin Krımda başladığını vurğulayan Zelenski, “Müharibə Krımın azad edilməsi ilə bitməlidir” deyib. Zelenski bu barədə Krımda Rusiyadan bir nəfərin öldüyü, 8 nəfərin yaralandığı partlayışlardan sonra açıqlama verib. Lakin çıxışında partlayışlardan bəhs etməyən Zelenski “Krım Ukraynaya məxsusdur. Biz heç vaxt Krımdan əl çəkməyəcəyik. Unutmayacağıq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi Krımın işğalı ilə başlayıb“- fikirlərini səsləndirib.

Rusiya Müdafiə Nazirliyi bazadakı sursat anbarında partlayışların baş verdiyini və Ukrayna tərəfindən hər hansı bir hücumun olmadığını açıqlayıb. Zelenskinin müşavirlərindən biri Mykhailo Podolyak bildirib ki, onların partlayışlarla heç bir əlaqəsi yoxdur. Şahidlər ən azı 12 partlayış səsi eşitdiklərini deyib, sosial mediada yayımlanan bəzi videolarda baza ətrafındakı çimərliklərdə insanların panikaya düşdüyü göstərilib.

Zelenski bundan əvvəl də bu mövzuda fərqli açıqlamalar vermişdi. Ukrayna lideri Rusiyanın ölkəni işğal etməyə başladığı fevralın 24-dən əvvəlki mövqelərə çəkiləcəyi təqdirdə atəşkəsi qəbul edəcəklərini bildirib və Krımın Ukraynaya qaytarılmasını sülh şərtləri arasında saymayıb.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bəyan edib ki, sülh razılaşmasının əldə olunması üçün Ukrayna “neytral” və “qeyri-nüvə” statusuna malik olmalıdır. Rudenko Moskvanın Kiyevdən aydın cavab gözlədiyini də vurğulayıb. Rusiyanın  agentliyinin xəbərinə görə, Rusiyanın daha bir tələbi Krım üzərində suverenliyinin  və Donetsk və Luqanskdakı xalq respublikalarının statusunun tanınmasıdır.

//Safura Bənnayeva, Editor.az