“Müharibə riski hər zaman var” – Heydər Mirzəbackend

“Müharibə riski hər zaman var” – Heydər Mirzə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə və Pakistan hərbçiləri ilə birgə təlimlərində bir neçə mühüm məqam var.

Bunu  açıqlamasında hərbi ekspert Heydər Mirzə deyib.

Ekspert bildirib ki, Ermənistanda baş verən xaos nəticəsində bizə qarşı gözlənilməyən “sürprizlər” ola bilər:

“Mühüm məqamlardan birincisi odur ki, birgə təlimlər həm də daxili təlimlər, bizim hərbi təlimlərimiz kimi öncədən razılaşdırılan proqramlar çərçivəsində (İllik proqram, yarımillik proqram) hazırlanır. Bunlar da bölünür rüblük təlim qruplarına və s. Birgə təlimlər də bunun əsasında həyata keçirilir.

Baxın, indi ilin əvvəlidir, həm də eyni zamanda, müəyyən mərhələ (müharibə) bitib, zəfər çalmışıq, siyasi vəziyyət, konteks dəyişib. Həm xronoloji olaraq, həm də mərhələ olaraq yanvar-fevral ayından Silahlı Qüvvələrimiz üçün yeni bir səhifə açılıb. Əminəm ki, bu təlimlərin planlaşdırılması prosesində müvafiq dəyişikliklər olunub. O dəyişikliklər ki, artıq müharibə bitib, torpaqlar azad olunub, hərbi-siyasi konteks dəyişib deyə bundan sonra prerspektivdə Azərbaycan Silahlı Qüvvələrinin təlim prosesində də, təbii ki, dəyişikliklər labüddür. Bu mənada hesab edirəm ki, gələcəkdə, yəqin ki, Azərbaycan komandanlığı təlimlərin planlaşdırılması, xüsusən də Türkiyə tərəfiylə birgə təlimlərdən söhbət gedirsə, daha çox “kontor gerilla”, antiterror, antipartizan əməliyyatları, təhlükəsizliyin təminatı, minalardan təmizləmə və s. bu şeylərə daha çox diqqət yetiriləcək.

Bəli, müharibə riski hər zaman var, amma bu risk indi dəyişib. Əvvəl biz 44 günlük müharibə ərzində baş verən hadisələrə hazırlaşırdıqsa, bu da özünü təlimlərin xarakterində, mahiyyətində büruzə verirdi. Bundan sonra bizim qarşımızda olan təhlükələr fərqlidir. Çünki erməni ordusu artıq təhlükə deyil, amma ermənilər təhlükədir. Ermənilər də fərdi şəkildə özlərinin kollektiv təşkilatlanmasında heç də zəif deyillər. Və Ermənistanda baş verən xaos nəticəsində bizə qarşı gözlənilməyən “sürprizlər” olmasın deyə, Türkiyə tərəfinin təcrübəsindən yararlanmalıyıq. Türkiyənin bunda çox zəngin təcrübəsi var, xüsusən də cənub-şərqi, şərqi Anadoluda keçirilən antiterror əməliyyatları, Suriya təcrübəsi və s. Bundan sonra Türkiyənin bizimlə bölüşdüyü təcrübənin tərkibi dəyişəcək. Artıq 44 günlük müharibədəki hadisələr təkrar olunmayacaqGələcəkdə bizim qarşımızda ola biləcək risklər, gələcəyin müharibəsi artıq o 44 günlük müharibəyə bənzəməyəcək, çünki düşmənimiz də fərqli olacaq. Yəni, bunlar nəzərə alınmalıdır.

Bir neçə gün bundan qabaq elan olundu, Türkiyə tərəfindən 20 ədəd xüsusi yeni avtomatlaşdırılmış distant idarə oluna biləcək minalarda təmizləmə maşınları gətirildi. Bunların qiyməti bəlli deyil, çünki çox yeni modeldir və indiyə kimi heç hara satılmayıb. Ona görə də bunun bazar qiyməti bəlli deyil, amma bəllidir ki, Azərbaycana 20 ədədi satılıb. Bu razılaşma çərçivəsində eyni zamanda azərbaycanlı minalardan təmizləyənlərin təlimi də var idi. Yəni, Türkiyə tərəfi təkcə avadanlığı göndərmir, eyni zamanda, təlimlər də təşkil edir. Bu da “paket sazişi” şəklində gedir. Bunun özü də təsdiq edir ki, indiyə kimi ola bilsin ki, Türkiyə ilə tərəfdaşlıqda minalardan təmizləmə prioritet deyildi. Amma artıq qeyd etdiyim kimi, hərbi-siyasi konteksin dəyişməsi nəticəsində letal silah sistemlərin sifarişi də davam edir. Bilirik ki, Türkiyə tərəfi Azərbaycana silah satışını davam etdirir, bu razılaşma da artıq yenilənib”.

//milli.az