İSTİQAMƏT: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
“Azərbaycanın dünya birliyinə inteqrasiyası və dövlətlərlə əməkdaşlığın inkişaf etdirilməsini şərti olaraq iki mərhələdə nəzərdən keçirmək olar”.
Bu sözləri Editor.az-a Azərbaycanın dünya birliyinə inteqrasiyası ilə bağlı danışarkən siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu Vətən müharibəsinə qədərki və ondan sonrakı mərhələdən ibarətdir:
“Vətən müharibəsi və zəfər qazanmağımız Azərbaycanın daxili və xarici siyasətində keyfiyyətcə yeni bir mərhələni şərtləndirdi. Çünki Vətən müharibəsi və anti-terror tədbirləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə nəticələnərək, bölgədə və dünyada yeni reallıqlar yaratdı. Nəzərə almaq lazımdır ki, Vətən müharibəsinə qədər Azərbaycan dünyada həm ərazi bütövlüyü pozulmuş, həm zəif, həm də praktiki təcavüzə məruz qalmış ölkə kimi tanınırdı. Bu isə ölkəmizin dünyada sərbəst və qətiyyətli siyasət aparmağına mane olurdu. Bu da dünya birliyinə inteqrasiya məsələsində ciddi əngəllər yaradırdı.
Müharibədən sonra isə Azərbaycanın xarici siyasətində, dünya və region ölkələri ilə münasibətlərində tamamilə yeni bir mərhələ açıldı. Müharibədən sonra Azərbaycan bölgənin bütün dövlətləri ilə münasibətlərin yeni mərhələsinə başladı. Təsadüfi deyil ki, bölgə problemlərinin yalnız bölgə dövlətlərinin vasitəsilə həll edilməsi strategiyası ortaya qoyuldu. Azərbaycanın müharibədən qalib çıxması, haqlı olduğunu sübut etməsi dünyada manevr imkanlarını xeyli genişləndirdi.
Azərbaycan dünya müstəmləkəçilik siyasətinin üstünə yürüyür. Eyni zamanda müxtəlif beynəlxalq təşkilatlarda hər zaman qətiyyətli şəkildə öz sözünü deyir. Bir sözlə, Vətən müharibəsinə qədər və ondan sonrakı dövrdə Azərbaycanın dünya dövlətlərinə yönəlik siyasətində və beynəlxalq təşkilatlara inteqrasiya siyasətində kəmiyyət və keyfiyyət baxımından yeni bir mərhələnin şahidi olduq”.
Məsələ ilə bağlı politoloq Tural İsmayılov da fikirlərini bildirib:

“Azərbaycanın dünya birliyinə inteqrasiyası üçün cənab Prezident tərəfindən düşünülmüş, məqsədyönlü siyasət həyata keçirilir. Bu gün Azərbaycan bu sahədə böyük işlər görür. Xüsusilə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi, BMT çərçivəsində aktiv rol alması Azərbaycanın mövqelərinin daha da artmağına səbəb olub. Bu gün ölkə başçısının qarşısına qoyduğu prioritet siyasət həm də Azərbaycanın regional gücdən qlobala gücə çevrilməsi məsələsində ölkənin siyasi, iqtisadi maraqlarını ən yüksək səviyyədə təmin etməkdən ibarətdir. Artıq bu siyasət çox böyük uğurlarla xarakterizə olunur. Bu gün Azərbaycan COP29 kimi mühüm bir tədbirin ev sahibliyini də uğurla həyata keçirmək üçün namizədliyini irəli sürdü və gələn il yüzlərlə siyasətçi, ictimai xadimlər paytaxtımıza gələcək. Bütün bunlar Azərbaycanın dünya birliyinə inteqrasiyası məsələsində mühüm mövqelərdən birini təşkil edəcək”.
Səbinə Hüseynli, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


