Müharibənin başlayacağı haqda yeni xəbərlər gəlir – Rusiya ağır silahlar daşıyırbackend

Müharibənin başlayacağı haqda yeni xəbərlər gəlir – Rusiya ağır silahlar daşıyır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyada Bəşər Əsəd rejiminə sadiq ordu qüvvələrinin ölkənin şimalında, Türkiyədən dəstəklənən müxalif yaraqlıların nəzarətindəki İdlib bölgəsinə hücuma hazırlaşdığı haqda yeni xəbərlər gəlir. Ərəb və rusdilli mənbələrdə yer alan xəbərlərə görə, Rusiyanın hava dəstəyi ilə Suriya ordusu ən azından İdlib vilayətindən keçən və ölkənin şimalına aparan əsas magistral olan M-4 şosesini nəzarət altına almağı planlaşdırır. Bəzi məlumatlara görə isə, ümumiyyətlə İdlibin özünü də tutmaq planları var.

Bu cür xəbərlər fonunda Türkiyə ordusunun Suriyanın şimalına əlavə qüvvələr yeritdiyi bildirilir. Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, Türkiyə ordusunun hərbi texnika və canlı qüvvə karvanı artıq İdlib bölgəsinə daxil olub, daha bir karvanın isə hazırlandığı bildirilir.

Rusiya isə Suriyaya hansısa ağır silahlar daşıyan gəmi göndərib. Xəbərlərə görə, Qara dəniz donanmasının 197-ci desant briqadasına aid olan “Sezar Kunikov” desant gəmisi bir neçə saat əvvəl Bosfor boğazından keçib və Aralıq dənizinə istiqamət alıb. Gəminin hansısa ağır silahlar daşıdığı təxmin edilir, rəsmi olaraq bu barədə hər hansı şərh verilməyib. Bundan əvvəl isə Rusiyanın Suriyadakı Tartus hərbi-dəniz bazasına “Kalibr” raketləri ilə silahlanmış 4 dizel-elektrik sualtı qayığı göndərdiyi xəbər verilirdi.

Son məlumatlara görə Suriya ordusu İdlibdə müxalif yaraqlıların mövqelərinə artilleriya zərbələri endirir, Rusiya aviasiyası da bu bölgədə reydlər həyata keçirir.

Xatırladaq ki, ötən ilin əvvəllərində Suriya ordusunun Rusiyanın güclü hava dəstəyinə və muzdlularla dəstək verməsinə baxmayaraq İdlibi nəzarətə almaq üçün başlatdığı hücum uğursuz olub. Türkiyə “Bayraktar TB2” pilotsuz döyüş təyyarələrinin tətbiqi ilə hərbi əməliyyatların gedişini dəyişdirmişdi və nəticədə Türkiyə ilə Rusiya arasında İdlib deeskalasiya zonasının yaradılmasına, atəşkəsə dair razılaşma əldə edilmişdi(virtualaz.org)