Müharibənin daha gərgin fazası başlayır: – Belarus da proseslərə qoşulur?- ŞƏRHbackend

Müharibənin daha gərgin fazası başlayır: – Belarus da proseslərə qoşulur?- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynanın müharibəni Rusiya ərazisinə keçirməyi və Kursk vilayətində apardığı əməliyyatlar onu deməyə əsas verir ki, müharibənin növbəti və daha gərgin fazası başlayır”.

Bu barədə siyasi analitik Kənan Novruzov Editor.az-a açıqlamasında deyib.

Analitik bildirib ki, ilkin versiya ondan ibarətdir ki, bir müddət sonra Ukraynanın Rusiyanın tutduğu ərazilər qarşılığında Kursku geri qaytarması məsələsi müzakirə oluna bilər:

“Bu ağlabatan versiyadır. Digər tərəfdən isə əks təqdirdə müharibə daha da qızışa  bilər. Bu isə hazırkı situasiyada ABŞ-nin mövqeyindən aslıdır. ABŞ “F-16″ qırıcılarını tədarük etdikdən sonra Ukrayna təşəbbüsü qismən ələ almağa başladı. Demək ki, ABŞ-nin dəstəyi müharibənin gedişatı üçün çox mühüm əhəmiyyət kəsb edir. Dəstəyin indiki məqamda ABŞ-nin prezident seçkiləri ərəfəsində  baş tutması da təsadüfi deyil. Çox güman ki, Demokratlar, yəni mövcud Cozef Bayden administrasiyasının bu məqamda Ukraynaya dəstək göstərməkdə məqsədi Ukraynanın ona nə qədər ehtiyac duyduğunu anlatmaqdır. Belə ki, o bildirmək istədi ki, Tramp və onun komandası hakimiyyətə gəlsə, onlara bu dəstək göstərilməyəcək. Çox güman ki, bu,  Ukraynaya mesaj idi. Doğrudan da, Kiyevin ələ aldığı təşəbbüsü davam etdirməsindən ötrü Demokratların dəstəyinə ehtiyacı var. Şübhəsiz ki, Tramp hakimiyyətə gəlsə, dəstəyi kəskin şəkildə azaldacaq”.

K. Novruzov Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi təhlükəsizlik məsələlərinə dair müşavirədə Belarusun istənilən təxribatının qarşısını almaq üçün bütün imkanlara malik olduğuna dair açıqlamasına da münasibət bildirib:

“Ukraynanın müharibəni Belarusa daşıması inandırıcı deyil. Bu, strateji səhv olar. Çünki elə olduqda Belarus adekvat cavab tədbirləri görəcək, bu isə indiki halda Ukraynaya sərf etmir. Əksinə hesab etmək olar ki, qəsdən elə bir məqam ortaya atılacaq ki, guya Ukrayna təxribat törədib və Belarus buna cavab olaraq hərəkətə keçəcək. İndiki məqamda bu Rusiyaya lazımdır. Çünki rəsmi Moskva çətin durumdadır. Müdafiə  nazirinin verdiyi açıqlama da bir növ ictimai şüuru yavaş-yavaş bu istiqamətdə formalaşdırmağa hesablanıb”.

//Gülnarə Abasova, Editor.az