“Rusiya-Ukrayna müharibəsi başlandıqdan sonra mərhələli şəkildə gah bir tərəf, gah da digər tərəf üstünlük əldə edir. Bu da Qərb dövlətlərinin Ukraynaya verdiyi dəstəkdən asılıdır. Son hadisələrdən Ukrayna ordusunun Rusiyaya qarşı müəyyən üstünlük əldə etdiyini görürük. Müharibədə qalib tərəfin olacağını düşünmürəm. Müharibə başlandıqdan bəri ən çox itirən tərəf elə Rusiyadır”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Xəyal Bəşirov bildirib.

Onun sözlərinə görə, döyüşlər ilk vaxtlar Kiev ətrafında, bu gün indi isə Krımda, Donbassda gedir:
“Bu da bir çox ekspertlərin fikrincə Ukraynanın qələbəsi hesab olunur. Həm Ukrayna, həm də Rusiya böyük itkilərə məruz qalıb. İki tərəf də zaman-zaman bir-birilərinin canlı, texniki itkilərinin sayını səsləndirir. Bir çox halda bu rəqəmlər şişirdilmiş olur. Rusiyanın həm texniki, həm də canlı itkiləri kifayət qədər çoxdur. Rusiya Ukrayna xalqı qarşısında özünün etimadını tam şəkildə itirib. Bundan sonra ruslarla ukraynalılar arasında əvvəlki bağların yenidən bərpa edilməsi mümkünsüz vəziyyətə gəlib. Əslində maddi və fiziki itkilərdən daha çox bu itkilər Rusiya üçün acınacaqlıdır”.
Politoloq qeyd edir ki, Ukraynanın da itkiləri çoxdur, bir sıra şəhərləri, yaşayış məntəqələri yerlə -yeksan olunub:
“Mülki əhalisi və hərbiçiləri arasında xeyli itkiləri var. Bütün bu proseslər bir dövlət üçün çox vahiməlidir. Bərpası üçün uzun illər tələb edir. Hazırda hər iki tərəfin gözləntiləri var. Rusiyanın gözləntisi qış aylarının yaxınlaşması şəraitində müharibənin gedişatının çətinləşməsidir. Rusiya həm də Ukraynaya böyük dəstək göstərən Qərb dövlətlərinin Rusiya enerjisindən asılı olmasından istifadə edir. Həmin ölkələr üçün vəziyyət qış aylarında çətinləşəcək, çünki yeni enerji alternativi tapmayıblar. Belə olan halda enerji ehtiyatının təminatı üçün Qərb dövlətləri Ukraynaya dəstək verməkdən çəkinəcəklər. Ukrayna isə 24 fevraldan bəri ona dəstək verən ölkələrin bu prosesi davam etdirməsini gözləyir. Çünki belə olanda Ukraynada ruh yüksəkliyi yaranır və Rusiya ordusu üzərində müəyyən üstünlük əldə edə bilirlər.
Bu müharibənin sonu yoxdur, hər an, hər saniyə ölüm deməkdir. Reallıq bundan ibarətdir ki, bir tərəf öz qarşısına qoyduğu hədəfə çatmaq üçün hər addımı atmalıdır. Əvvəlki dövrlərə nisbətən üstünlüyün Ukraynada olduğunu deyə bilərik”.
Xəyal Bəşirovun fikrincə, bu müharibə bir daha göstərdi ki, eyni mədəniyyətə, kökə, sivilizasiyaya aid olan qardaş xalqlar bir-biriləri ilə ölüm-dirim müharibəsinə girə bilirlər:
“Təəssüflər olsun ki, dünyada daha çox böyük maraqlar üstünlük təşkil edir. Mənəvi dəyərlərin üstün tutulması heç bir tərəfdən dəstəklənmir. Bugünə qədər bu prosesdə ən ədalətli mövqeyi Türkiyə tutur. Türkiyə uzun illər Rusiya ilə rəqib dövlət olub. Ukrayna da müəyyən müddət ərzində Rusiyanın hakimiyyəti altında olub. Türkiyənin həm də Krıma fərqli münasibəti var. Çünki Krımda türk əsilli xalqlar yaşayır və Türkiyə dövləti hər bir halda dünyanın istənilən yerində yaşayan türklərin təhlükəsizliyi baxımından hər addımı atmağa hazır olduğu kimi, Krım tatarlarının da təhlükəsizliyini təmin etmək istiqamətində işlər görməyə hazır olduğunu bildirib. Bu baxımdan Türkiyə məsələdə barışdırıcı mövqedədir. Amma Türkiyənin bu mövqeyinə dəstək çıxan dövlətlər az oldu. Əksinə barışdırıcı mövqe tutmağının qarşısını almaq, gərginlik yaranmasına maraqlı olan qüvvələrin şahidi olduq. Təkcə Türkiyənin bu siyasəti yeritməsi kifayət deyil, dünya dövlətləri Türkiyəyə dəstək nümayiş etdirməlidirlər. Atəşkəsin əldə edilməsinə üstünlük verilməlidir”.
//Safura Bənnayeva, Editor.az

