“Müharibənin insan psixologiyasına vurduğu təsir heç bir zaman silinmir, hətta həmin müharibənin sadəcə şahidi olub yaxınlarını itirməsən də, fiziki olaraq heç bir xəsarət almasan da psixoloji təsirlər hər zaman qalır və insanın gələcək həyata baxışını dəyişir”.
Bu sözləri Editor.az-a açıqlamasında psixoloq Leyla Əli deyib.
Psixoloqun sözlərinə görə, müharibəni yaşamış cəmiyyət, xalq sülhün, sabitliyin nə demək olduğunu daha yaxşı anlayır:
“Xalqımızda müharibəyə qarşı güc, daxili enerji, iradə, ağır savaşa tab gətirmə, psixoloji immunitet formalaşıb. 44 günlük Vətən müharibəsi də məhz bunu göstərdi. Rusiya-Ukrayna müharibəsində xalqımız göstərdiyi dəstək nümunəsi ilə çox güclü empatiya qura bilmə keyfiyyətlərini də önə çıxartdı, necə yüksək insani dəyərlərə sadiq və malik olduğunu bu müharibə vasitəsilə göstərdi, həmçinin digər xalqlara qarşı nə dərəcədə yüksək humanizm prinsiplərindən çıxış edərək dəstək ola bilmə bacarığını və keyfiyyətini nümayiş etdirdi”.
Leyla Əli müharibənin insan psixologiyasına mənfi təsirlərindən də bəhs edib:
“Eyni hadisə bir insanda heç bir iz buraxmasa da digərində daha fərqli təsirlər göstərə bilir. Psixoloji immuniteti zəif olan insanlarda ölüm, yaxınlarını itirmək, hadisələri təkrar yaşama qorxusu güclüdür. Müharibəni yaşamış insanlarda gurultulu səslərə aşırı həssaslıq, müharibəyə aid yuxular, psixoloji olaraq zərbə alan insanlar hər zaman bunun fiziki narahatliqlarını yaşayır. Xüsusilə, uşaqların və yaşlı nəslin soaial mediadan tez-tez müharibə xəbərlərini izləməsi məsləhət deyil .Psixoloji immuniteti zəif olan insanların psixologiyasına bu tip xəbərlər mənfi təsir edir”.
//Gülnarə Abasova, Editor.az

